Bakıda Avropa Şurası ekspertlərinin QHT-lərlə bağlı hesabatı təqdim olunub

Bakıda Avropa Şurası ekspertlərinin QHT-lərlə bağlı hesabatı təqdim olunub
# 18 aprel 2017 09:52 (UTC +04:00)

Bakıda "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" adlı konfrans keçirilir.

APA-nın məlumatına görə, AŞ ekspertlərinin tövsiyələrinin dinlənildiyi tədbirdə Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan "Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində Avropa Şurasının ekspertlər qrupu tərəfindən hazırladığı hesabat təqdim olunub, müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra QHT-lərin ölkə həyatının bir hissəsinə çevrilməsi üçün lazımi işlər görülüb: "Ölkəmiz müvafiq konvensiyalara qoşulub, qanunlar qəbul olunub. "2020 gələcəyə baxış" dövlət proqramında da QHT-lərin inkişafı ilə bağlı müddəalar əksini tapıb. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir. Azərbaycan hökuməti hər zaman mövcud problemlərin açıq, şəffaf müzakirəsinin tərəfdarı olub. Qanunların icrası üçün institusional dəstək təmin olunub. Biz ölkədə QHT-lərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılmasına nail olmuşuq" .

Prezident Administrasiyasının əməkdaşı Elman Paşayev isə bildirib ki, layihə çərçivəsində bir sıra işlər görülüb, ekspertlər və QHT nümayəndələrinin iştirakı ilə bir sıra görüşlər keçirilib: "QHT-lərin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tövsiyələr vətəndaş dialoquna nail olunması istiqamətində müsbət rol oynayacaq. QHT-lərin fəaliyyətinin gücləndirilməsi tək qanunvericilik məsələlərinin gücləndirilməsi ilə kifayətlənmir. QHT üzvlərinin peşəkarlığının, şəffaflıq və hesabatlılığın artırılması vacibdir. Ümid edirəm ki, Avropa Şurasının tövsiyələri burada öz əksini tapacaq. Əminəm ki, biz konstruktiv əməkdaşlığa nail olacağıq".

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə Azərbaycanın QHT-lərə dair qanunvericiliyi sahəsində beynəlxalq təşkilatlara daim əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, qanunvericiliyin təkmilləşdirilməsi bir prosesdir və Şura bundan sonra da bu prosesə töhfəsini verməyə hazırdır.

Bəzən QHT altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir. Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşir. Azərbaycanın heç də asan olmayan qonşuları var. Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır. Bununla yanaşı Azərbaycanda ötən il xarici donorların fəaliyyəti ilə bağlı bir sıra addımlar atıldı. Vahid pəncərə sistemi qəbul edilib və sənədlər asanlaşdırılıb. Biz tərəfdaşlarımızla görüş zamanı alternativ təklif edirik və bu hüquqi prosedurlardan keçmək istəməyən xarici donorlar üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının bank hesabını təqdim edirik".

Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Filipoviç isə bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlığa dair 2014-2017 fəaliyyət planını təsdiqləyib. Onun sözlərinə görə, layihə bu çərçivədə həyata keçirilir: "Layihənin məqsədi QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması və QHT-lər üçün əlverişli mühitin yaradılmasıdır. Layihə ötən ilin martından başlayıb və bundan əvvəl danışıqlar üçün müəyyən müddət tələb olunub. Bu birgə layihədir. Aİ-nin maliyyə dəstəyinə görə təşəkkür edirəm".

Öz növbəsində Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi qurumun vətəndaş cəmiyyətlərinin inkişafına daim dəstək verdiyini bildirib və layihənin daha bir il davam edəcəyini söyləyib.

Sonra tədbir hesabatın müzakirəsi ətrafında davam edib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR