Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında struktur dəyişiklikləri aparılıb

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında struktur dəyişiklikləri aparılıb
# 20 aprel 2017 09:20 (UTC +04:00)

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının strukturunda dəyişikliklər aparılıb.

APA-nın məlumata görə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, təcili yardım da daxil olmaqla, bir sıra şöbələrdə struktur dəyişikliyi həyata keçirilib. Onun sözlərinə görə, cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyəsi, ümumi cərrahiyə, oftalmologiya “cərrahiyə şöbəsi” adı altında birləşdirilib. Həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.


Xəstəxananın direktoru qeyd edib ki, doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradır: “Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb. 60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb. Qeyd edək ki, aparılan dəyişiklik mövcud çarpayılardan daha səmərəli istifadə etməyə imkan yaradır və göstərilən tibbi xidmətin keyfiyyətini artırır. Nəticədə xəstəxana keçən ilki göstəricilərindən 2 dəfə artıq xəstə qəbulu və müayinəsi həyata keçirir. Mingəçevir şəhərində də Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası nəzdində TTTY şöbəsi qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. “Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR