Zakir Qaralov Beyləqanda vətəndaşları qəbul edib

Zakir Qaralov Beyləqanda vətəndaşları qəbul edib
# 21 aprel 2017 13:31 (UTC +04:00)

Baş prokuror Zakir Qaralov aprelin 21-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 37 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Qəbul zamanı, həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Yekunda baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılıb.

Müşavirədə həmçinin, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR