Bu il "TransCaspian" sərgisinə 14 ölkədən 88 şirkət qatılacaq

Bu il "TransCaspian" sərgisinə 14 ölkədən 88 şirkət qatılacaq
# 25 aprel 2017 10:28 (UTC +04:00)

Aprelin 26-28-də Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” 2017 sərgisi keçiriləcək. "APA-Economics" xəbər verir ki, bunu "Iteca Caspian" şirkətinin icraçı direktor Fərid Məmmədov bildirib.


Onun sözlərinə görə, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat - logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan "TransCaspian/Translogistica" sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir. Sərgi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və TRASECA tərəfindən dəstəklənir.

"Iteca Caspian"ın təşkil etdiyi bütün tədbirlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

"TransCaspian/Translogistica" sərgisi Böyük Britaniyanın "ITE Group Plc" şirkətlər qrupu tərəfindən təşkil olunan "TransRussia" (Moskva), "TransPoland" (Varşava), "TransUzbekistan" (Daşkənd), "TransUkraine" (Kiyev) və "TransitKazakhstan" (Almatı) kimi ixtisaslaşmış nəqliyyat - logistika sərgiləri, eləcə də "BreakBulk" beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.

Ölkə rəhbərliyi ölkədə nəqliyyat sektorunun inkişafına böyük diqqət göstərir. Hazırda Azərbaycanda ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Bakı-Tbilisi-Qars kimi nəhəng nəqliyyat layihələri uğurla həyata keçirilir. İxtisaslaşmış sərginin hər il keçirilməsi Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu vurğulayır.

Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 14 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 88 şirkət iştirak edəcək. Yeni şirkətlər sərgi iştirakçılarının 30%-ini təşkil edirlər. Bu il sərgidə debüt edəcək şirkətlər arasında “PTK”, “ASFIL” şirkətlər qrupuna daxil olan müəssisələr, Minsk Vaqon Təmiri Zavodu və digərləri var.

“TransCaspian/Translogistica-2017” sərgisi kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, “Ukrzaliznıtsya” Ukrayna Dəmir Yolları şirkəti, “Həştərxan Dəniz Limanı” QSC və digər bu kimi dövlət nəqliyyat strukturlarını bir araya toplayıb.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi təqdim olunur. “Yükdaşımaları və Logistika” sektorunda yük sahiblərinə yüklərin dəmiryol və dəniz vasitəsi ilə daşınması üçün optimal variantlar təklif olunur. “Dənizçilik sənayesi” sektoru çərçivəsində çoxfunksiyalı qəza-xilasetmə gəmiləri, qayıq və çoxtəyinatlı sürət katerlərinin modelləri, eləcə də dəniz və çay gəmilərinin layihələndirilməsi, modernləşdirilməsi və yenidən təchiz olunması, habelə konversiya üzrə mühəndislik təminatı, ponton, yanalma körpüsü və yaxta limanlarının istifadəyə hazır şəkildə tikintisi təklif edilir. Bu sektorda Türkiyə Gəmiqayırma Şirkətləri Assosiasiyası da iştirak edir. Ənənəvi “Dəmiryol infrastrukturu və Hərəkət heyəti” sektorunda lokomotiv və vaqon modelləri, dəmiryol nəqliyyatının təmir və istehsalı üzrə xidmətlər, eləcə də avtomatik idarəetmə məhsulları, yanacaq sərfiyatının qeydiyyat sistemi və lokomotiv dizelinin avtomatik buraxılması və dayandırılması, habelə diaqnostika üçün texnoloji avadanlıqlar təklif olunur.

Sərginin xarici qonaqları arasında İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini Amir Amini, Avropa inteqrasiyası məsələləri üzrə Ukrayna infrastruktur nazirinin müavini Viktor Dovqan, TRASECA Hökumətlərarası Komissiyasının İran üzrə milli katibi Mehran Hamisizadə və TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirça Çiopraqa yer alır.

Sərgi çərçivəsində işgüzar proqramın keçirilməsi planlaşdırılıb. Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edir. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcəkdir.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada oxşar sektor üzrə daha iki sərgi: 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçirilir. İştirakçı və ziyarətçilərə bir-biriləri ilə görüşərək işgüzar əlaqələr qurmaq üçün imkan yaradan daha bir işgüzar platforma, yəni “B2B” formatlı görüşlər sərgilərin işgüzar proqramının əsasını təşkil edir. Bu görüşlərdə sərgilərin yerli ziyarətçi şirkət və eksponentləri iştirak edəcəklər. “B2B” formatlı görüşlər sərgi çərçivəsində ilk dəfə təşkil olunur və eksponentlərə öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və eyni zamanda bir neçə əsas ziyarətçi ilə danışıqlar aparmaq baxımından unikal imkan yaradır. “B2B” formatlı görüşlər 27 aprel tarixində saat 10:00 - 13:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək.

Beləliklə, “TransCaspian/Translogistica” sərgisi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də yeni işgüzar müqavilələr imzalamaq üçün yük sahibləri, sənaye müəssisələrinin rəhbərləri, avtomobil parklarının sahibləri və müvafiq profilli sektorları təmsil edən digər maraqlı tərəflərlə görüşmək üçün unikal imkandır. Sərgi peşəkar ziyarətçilər üçün 26-28 aprel tarixində, tələbələr üçün isə aprel ayının 28-də açıq olacaq. Sərgidə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları “Aqil və Bilgi” şirkətinin nümayəndələrinə etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi

26-28 aprel 2017-ci il tarixində Bakı Ekspo Mərkəzində 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, "Azpromo" və ASK rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. “CIBS 2017” sərgisi 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgiləri ilə birgə bir meydançada keçirilir.

İxtisaslaşdırılmış “CIBS 2017” sərgisi katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. Bu ilin sərgi iştirakçılarının arasında “Laky Verf” (Rusiya), "Nevskiy Gəmiqayırma Zavodu" (Rusiya), ASC "RİF" (Rusiya), Yachting 2000 (Avstriya) şirkətləri var.

Beləliklə, “CIBS 2017” sərgisi su-motor bazarına çıxış, bazardakı mövqeyin möhkəmləndirilməsi, mövcud işgüzar əlaqələrin daha da yaxşılaşdırılması, yeni əlaqələrin qurulması, distributorlarla əməkdaşlıq və müştəri bazasının genişləndirilməsi üçün perspektivli və səmərəli vasitədir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR