Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizləşdirilib

Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizləşdirilib
# 28 aprel 2017 13:39 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "VAZ-2106" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

Avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Avtomobildə aşkar olunan şaqqalara bölünən at cəmdəyi müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq müvəqqəti saxlanca qoyulub. Baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq aprelin 28-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR