Tanınmış sirk ustası: “Bakı Şopinq festivalı turist cəlb etmək üçün əla ideyadır”

Tanınmış sirk ustası: “Bakı Şopinq festivalı turist cəlb etmək üçün əla ideyadır”
# 29 aprel 2017 10:15 (UTC +04:00)

“2017-ci ildə Bakıda ticarət festivalının keçiriləcəyini öyrənəndə sözün yaxşı mənasında təəccübləndim. Düşünürəm ki, bu, Bakıya dünyanın müxtəlif ölkələrindən turist cəlb etmək üçün əla ideyadır. Turist axını isə ölkə iqtisadiyyatının yüksəlməsi deməkdir”.

Bunu bakushopfest.com-a tanınmış sirk ustası Üzeyir Novruzov deyib.

Üzeyir Novruzov əmin olduğunu bildirib ki, Şopinq Festival turistlər üçün bir bayramdır.

Azərbaycanlı olması ilə fəxr etdiyini deyən sirk ustası hamıya Azərbaycana səfər etməyi tövsiyə edib: “Hətta dünya üzrə qastrol səfərlərimdən sonra belə hər dəfə Bakıda olanda simasını dəyişən şəhərimizə heyran qalıram. Mən Amerikada Azərbaycan haqqında tez-tez eşitməyə başlamışam. Bakıda olan və ya ora səyahət etməyə hazırlaşan insanlara rast gəlirəm. Onlar bizim füsunkar ölkəmizə səfərləri və xalqımızın qonaqpərvərliyi haqqında böyük heyranlıqla danışırlar. Ola bilsin ki, bu, Avroviziya, İlk Avropa Oyunları və “Formula-1” Avropa Qran-prisi kimi irimiqyaslı tədbirlərin keçirilməsi ilə əlaqədardır. Bu cümlələri oxuyan hər kəsə məsləhət görürəm ki, Azərbaycana səfər etsinlər. Əminəm, peşman olmayacaqsınız”.

Ü. Novruzov onu da bildirib ki, növbəti Bakı Şopinq Festivalında iştirak etməyə çalışacaq.

ABŞ-da “Azərbaycanlı Çarli Çaplin” kimi tanınan, “America’s Got Talent” istedadlar müsabiqəsinin finalçısı Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR