”Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zənginliyini nümayiş etdirən məqam olub”.
APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokova deyib. O bildirib ki, bəşəriyyət bir ailədir: “Bu, UNESCO-nun dünyaya baxışıdır. Biz bəşəriyyətin zənginliyini mühafizə etməliyik. Biz qlobal vətəndaşlığı da təbliğ edirik. UNESCO üçün sülh, əmin-amanlıq vacibdir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan prezidentinin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik”.
UNESCO baş direktoru gənc nəslin radikalizmdən qorunması üçün proqramlar həyata keçirdiklərini söyləyib: “Biz qlobal problemlərə, münaqişələrin həllinə cavab verəcək fəaliyyət həyata keçirməliyik. Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır”.