DGK meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib

DGK meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib
# 05 may 2017 17:49 (UTC +04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə meyvə-tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə sahibkarlarla yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları da iştirak edib. Məqsəd sahibkarları Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlı bu ölkənin tətbiq etdiyi yeniliklərlə tanış etmək olub.

Tədbirdə çıxış edən DGK sədrinin müavini Şahin Bağırov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə göstərilən dəstək, onların qarşılaşdıqları problemlərin operativ şəkildə həllini tapması üçün görülən işlərdən danışılıb və bir müddət əvvəl Rusiya Federasiyasına pomidor məhsulunun ixracı ilə bağlı göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb.

Daha sonra komitə rəsmisi Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları, xüsusilə pomidorla bağlı bu ölkə tərəfindən tətbiq olunan normalar və yeniliklər barədə sahibkarları ətraflı məlumatlandırıb. Bildirilib ki, qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı zamanı qaydalara əməl edilməsi ümumi işə fayda gətirəcək. O da vurğulanıb ki, bu istiqamətdə DGK və onun əlaqədar qurumları daim sahibkarları dinləməyə, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazım olan dəstəyi göstərməyə hazırdır.

Tədbirdə sahibkarlar adından çıxış edən Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR