Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar Cenevrədə təqdim olunub

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar Cenevrədə təqdim olunub
# 08 may 2017 12:48 (UTC +04:00)

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında uğurla inkişaf edən əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər, ölkəmizdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar üzrə qazanılmış milli təcrübə və BƏT ilə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələrin aparılması məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahında səfərdə olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, səfərin ilk günündə BƏT-in baş direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynts Koller və BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru Azita Berar Avadla görüşlər keçirilib.

Keçirilən görüşlərdə Azərbaycanın BƏT-lə sosial dialoq, qanunvericilik bazasının təkmilləşdirilməsi və səriştələrin inkişafı sahələrini əhatə edən əməkdaşlıq gündəliyi ətraflı müzakirə edilib. Azərbaycan tərəfi, xüsusilə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlər, o cümlədən Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramının icrası ilə bağlı məlumat verib. Ölkəmizin özünüməşğulluq proqramı və Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması sahəsindəki təcrübəsinin BƏT tərəfindən “müsbət təcrübələr” kimi tanınmasından və digər ölkələrə tövsiyə edilməsindən məmnunluq ifadə olunub.

Bundan əlavə, əmək münasibətləri iştirakçılarının hüquqlarının effektiv müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının qarşısında duran əhəmiyyətli məsələlər barədə məlumat verən nümayəndə heyəti bu sahədə BƏT-lə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib. M.Kərimli BƏT tərəfindən Azərbaycanın BMT-nin 2030 Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsini və bununla bağlı, 2018-ci ilin may ayında ölkəmizdə 8-ci Davamlı İnkişaf Məqsədinin həyata keçirilməsinə həsr olunan beynəlxalq konfransın təşkil olunması ilə bağlı təşəbbüsün irəli sürülməsinin səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. Azərbaycanla mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edən BƏT rəsmiləri ölkəmizdə əmək, məşğulluq və işçilərin sosial hüquqlarının təmin olunması sahələrində aparılan islahatların, aktiv əmək bazarı tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının icrası ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu və yeni yaradılmış Komissiyasının fəaliyyət istiqamətləri üzrə BƏT-in dəstək göstərməyə hazır olduğunu qeyd ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Şərqi Avropa, Afrika, Asiya və Sakit okeanı, Latın Amerikası və Karib hövzəsi üzrə BƏT-in regional qruplarında görüşlər keçirilib. Nümayəndə heyətini təqdim edən Azərbaycanın Cenevrə şəhərindəki diplomatik nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov ölkəmizin BƏT-lə çoxşaxəli əməkdaşlıq gündəliyinə malik olduğunu və bu təşkilatla əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətini nəzərə alaraq, regional qruplarla məsləhətləşmələrin keçirilməsinin vacibliyini qeyd edib. Qeyd olunan görüşlərdə üzv ölkələrin nümayəndələrinə ölkəmizin islahatlar gündəliyi, sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar, xüsusilə əmək, məşğulluq və əhalinin sosial müdafiəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə geniş təqdimat verilib. Sözügedən sahələrdə tətbiq olunan qabaqcıl informasiya-idarəetmə sistemləri, o cümlədən avtomatlaşdırılmış sığorta-pensiya sistemi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemi, ünvanlı sosial yardım üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi barədə məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, beynəlxalq təşkilatların rəhbər orqanlarında qazanılmış zəngin təcrübəni, əmək, məşğulluq və sosial müdafiə sahəsində əldə edilmiş nailiyyətləri və BƏT-lə mövcud olan çoxşaxəli və məhsuldar əməkdaşlığı nəzərə alaraq, Azərbaycanın BƏT-in qərarvermə prosesində yaxından iştirak etməyi nəzərdə tutduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR