Kənd təsərrüfatı üzrə qlobal ixracda Azərbaycanın payı açıqlanıb

Kənd təsərrüfatı üzrə qlobal ixracda Azərbaycanın payı açıqlanıb
# 10 may 2017 08:15 (UTC +04:00)

"Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3 dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə böyüyüb". "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazirin sözlərinə görə, 1996-2016-cı illər ərzində taxıl istehsalı 1 mln. 18 min tondan 3 mln. 65 min tona (3 dəfə artım), kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım), tərəvəz istehsalı 570 min tondan 1 mln. 269 min tona (2,2 dəfə artım), bostan məhsulları 52 min tondan 464,5 min tona (9 dəfə artım), ət istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım), süd istehsalı 843,3 min tondan 2 mln. 9 min tona (2,4 dəfə artım), yumurta istehsalı 477 mln. ədəddən 1,6 mlrd. ədədə (3,4 dəfə artım) çatıb.

"Aqrar sahədə istehsal potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər hesabına ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yüksəlib. Əgər Azərbaycan dövlət üstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35% təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88%-ə qədər artıb. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özümüzü təminetmə səviyyəsi 86%-dir, üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac edirik. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 96%, meyvə və giləmeyvə ilə üzrə isə 122% təşkil edir. Yerli istehsal potensialının güclənməsi hesabına ölkəmizin ixrac bazarlarında iştirakı səviyyəsi də əsaslı şəkildə yüksəlib. Belə ki, 2001-2015-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsulları ixracının həcmi 11,1 dəfə, o cümlədən ilkin kənd təsərrüfatı məhsullarının ixracı 8,5 dəfə, emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracı isə 14,7 dəfə artıb. Malların ticarəti üzrə beynəlxalq hesabatlara əsasən 2001-2015-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsulları üzrə qlobal ixracda Azərbaycanın payı 0,014%-dən 0,054%-ə yüksəlib", - deyə H.Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR