Azərbaycan MSN-in müəssisələri ilə Türkiyənin ASELSAN şirkəti arasında 4 memorandum imzalanıb

Azərbaycan MSN-in müəssisələri ilə Türkiyənin ASELSAN şirkəti arasında 4 memorandum imzalanıb
# 11 may 2017 07:09 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bir sıra xarici şirkətlər və dövlətlərin hərbi qurumları ilə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsulların ixracına dair görüşlər keçirib.

Bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib

Nazir qeyd edib ki, MSN hazırda ixracın artırılması istiqamətində işlər aparır. Bununla bərabər yeni texnologiyaların yaradılması və istehsalı sahəsində sərgidə Türkiyədən və müxtəlif ölkələrdən olan şirkətlərlə görüşlər keçirir.

Sərginin ikinci günü MSN müəssisələri ilə Türkiyənin ASELSAN şirkəti arasında 4 memorandum imzalanıb. Memorandumlardan ikisi MSN Elmi Tədqiqat İnstitutu, qalanları isə “Cihaz” və “Optika-Mexanika” İstehsalat birlikləri ilə ASELSAN arasında olub.

Memorandumlar ASELSAN ilə birlikdə müxtəlif cihazların və silah sistemlərinin yaradılmasını ehtiva edir.

Nazir Y. Camalov qeyd edib ki, MSN ilə hərbi maşınların istehsalı üzrə Türkiyənin ən şirkəti olan “Otokar” arasında zirehli maşınların Azərbaycanda istehsalı və təmiriə dair razılıq əldə olunub.

Sərgi çərçivəsində Azərbaycan silahlı qüvvələrinin nümayəndələri üçün “Vestel Savunma” və AYESAŞ şirkətində təqdimat keçirilib. “Zorlu Qrubu”na daxil olan AYESAŞ-ın Türkiyə və NATO-da hərbi aviasiya sektorunda həyata keçirdiyi layihələr anladılıb, şirkətin məhsulları təqdim olunub.

Azərbaycan nümayəndə heyətləri ASELSAN və ROKETSAN şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, davam edən və gələcək layihələri müzakirə ediblər.

ASELSAN tərəfindən modernizə edilən Azərbaycan HHQ-nə aid Mi-17 helikopteri barədə təqdimat olub. Modernizə nəticəsində helikopterin imkanlarının yüksəldiyi qeyd edilib.

ROKETSAN şirkətində isə yeni – 290 km mənzilə sahib “Xan” taktiki və SOM qanadlı raketlər barədə məlumat verilib. Hər iki raketin atış videoları nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan İDEF sərgisinə beşinci dəfədir qatılır. Bu sərgidə MSN-in sərgilədiyi məhsullar arasında ilk dəfə müxtəlif iri kalibrli artilleriya sursatları, “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsini və “Vaşaq” bikalibr snayper tüfəngi yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR