Türkiyəli ekspert: “Türkiyənin bölgədəki gücünü heçə saymaq mümkün deyil” - MÜSAHİBƏ

Türkiyəli ekspert: “Türkiyənin bölgədəki gücünü heçə saymaq mümkün deyil” - <span style="color: red;">MÜSAHİBƏ
# 17 may 2017 10:37 (UTC +04:00)

İstanbuldakı Bahçeşehir Universitetinin Hakimiyyət və Liderlik Məktəbinin baş koordinatoru Elif Sumervalın APA-ya müsahibəsi

- Ərdoğan və Trampın görüşü təxminən iki həftədən bəri həyəcanla gözlənilirdi. Əvvəlcə görüşə qədər iki ölkə arasındakı münasibətlərdə və regional əməkdaşlıqda yaranmış vəziyyət barədə məlumat verməyinizi xahiş edirik.

- Prezident Ərdoğan və prezident Trump arasında mayın 16-da reallaşan görüş iki həftədən bəri gözü həm Türkiyədə, həm də Suriyadakı münaqişədə olan hər kəsin gündəminin əsas maddələrindən biri idi. Daxili siyasətdə radikal qərarlar qəbul edən Tramp, Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifəsindən çıxarandan sonra o çərçivədə Rusiya ilə davam edən kəşfiyyat xaosu ilə məşğul idi. Xarici siyasətdə isə Trampı məşğul edən məsələlər arasında Çin və təbii ki, Suriya problemi yenə ön olanda yer alırdı. Seçki kampaniyası dövründə “DAEŞ-i məğlubiyyətə düçar edib, yer üzündən siləcəyəm” - sözləriylə özünü ABŞ prezidentliyinə digər namizədlərdən fərqli qılmağa çalışan Tramp, prezident kreslosuna oturandan sonrakı 1 ay içində Penraqona təlimat verərək Rakkanı DAEŞ-dən xilas etmə planı tələb etdi. Ərdoğan isə o vaxt ərzində daxili siyasətdə referendumla məşğul olarkən xarici siyasətdə “Fərat qalxanı” əməliyyatından sonra DAEŞ-dən xilas edilən və suriyalı ərəb müxaliflərin nəzarətinə verilən torpaqlardakı uğurlarını dəyərləndirirdi. Digər tərəfdən, Ərdoğan NATO-da müttəfiqi olan ABŞ-a YPG-ni və Suriyadakı digər silahlı kürd qruplarını dəstəkləməməsi üçün müraciətlər edirdi...

- Amma deyəsən, o müraciətlər çox da təsirli olmadı...

- Düzdür. Tramp-Ərdoğan görüşü yaxınlaşanda, keçən həftə, həm medianı, həm də qərar qəbul edən instansiyaları şok edən bir hadisə baş verdi. Ərdoğandan gələn bütün müraciətləri qulaqardına vuran Tramp Pentaqonun tələbi ilə YPG və Suriya Demokratik Qüvvələrinin çatısı altındakı digər kürd qruplarına təkrar silah yardımı edərək Rakkanı DAEŞ-dən kürdlərlə birlikdə xilas etmə planını təsdiqlədi. Ankaranın və təbii ki, Ərdoğanın dəstəklədiyi və Trampın təsdiq etdiyi plana alternativ olan Azad Suriya Ordusu ilə Rakkanı xilas etmək planı “Fərat qalxanı” əməliyyatı bitəndən sonra onsuz da havada qalmışdı. Trampın təsdiqindən sonra Ankaradan təklif edilən planın təkcə “suya düşməklə” qalmadığı, hətta dənizin dərinliklərinə çökdüyü də açıq-aşkar oldu.

- Yaxşı, Rakka niyə bu qədər mühümdür?

- Rakka Suriyanın 6-cı böyük şəhəridir. Eyni zamanda, 2013-cü ilin martında DAEŞ-in əlinə keçəndən sonra terror təşkilatının xaricdə həyata keçirdiyi aksiyaları planlaşdıran mərkəzdir. Bundan başqa, DAEŞ-in sözdə xilafətin Suriyadakı paytaxtı olduğu da dünya mətbuatında bəzən yazılır. Tramp və komandası üçün Rakkanın bu qədər əhəmiyyət daşımasının səbəbi isə 2016-cı ilin martından bəri davam edən Mosulu xilas etmə əməliyyatlarından tam nəticə alına bilinməməsidir. Başqa sözlə desək, Tramp və komandasının Rakkada komandanlıq edəcəyi bir əməliyyat ABŞ-ın uzun bir keçmişə malik olan terrorla mübarizə tarixinin müsbət xanəsinə yazılacaq önəmli örnək olacaq. Ona görə də Tramp üçün Rakkanın kimlərlə yox, necə xilas ediləcəyi daha önəmli bir təfərrüat halına gəlmişdir. Özünü əvvəlki dönəmlərdə Orta Şərq coğrafiyasında istər oğul Buş kimi aqressiv, istərsə Obama kimi passiv əməliyyatlar həyata keçirmiş prezidentlərlə eyni tərəziyə qoymaq istəyən Tramp, təəssüf ki, həm NATO-da müttəfiqi, həm də ticarət partnyoru olan Türkiyənin terror təşkilatı kimi xarakterizə etdiyi YPG və onun çatı təşkilatı olan PYD ilə müştərək əməliyyat həyata keçirərək ümidlərə böyük zərbə endirmişdir.

- Sizcə, Türkiyənin Orta Şərqdəki proseslərdən kənarda qoyulması bu qədər asan ola bilərmi?

- Orta Şərq coğrafiyasında Türkiyənin qərar qəbuledici regional qüvvə olaraq dəyərləndirilməsinə səbəb olan yeganə faktor ABŞ ilə NATO-da müttəfiq olması deyil. Qərb mətbuatının fürsət düşdükcə vurğuladığı “ABŞ-ın NATO-dakı müttəfiqi” sözü Türkiyənin bugünkü mövqeyini heçə saymaq və Türkiyəni gücsüz göstərmək cəhdindən o tərəfə keçə bilməz. Digər tərəfdən, özünün ziddiyyətli açıqlamalarından göründüyü kimi, Tramp bir həftə NATO-nu “zəmanəsi keçmiş”, növbəti həftə isə “Qərb əməkdaşlığının yeganə örnəyi” kimi qələmə verir. NATO müttəfiqliyi bir tərəfə dursun, Türkiyənin beynəlxalq arenada sahib olduğu haqların və bu dövlətin beynəlxalq hüquq çərçivəsində terror təşkilatı elan etdiyi silahlı bir strukturun əlavə ünsürü olan PYD-YPG-nin alternativsiz qəbul edilərək ABŞ tərəfindən dəstəklənməsi Tramp-Ərdoğan görüşündən əvvəl iki ölkə arasında yaşanan ən böyük gərginlik idi. Bu zəmində analiz edəndə ABŞ Suriyada ərəb çoxluğun yaşadığı bölgələrin xilas edilməsində məzhəb fərqlərindən irəli gələn münaqişələrin qabağını almaq üçün suriyalı silahlı ərəb müxaliflərini də özünə müttəfiq kimi qəbul etməkdədir. Bu tarazlıq içərisində arqument kimi istifadə edəilə biləcək digər təfərrüatlar Tramp-Ərdoğan görüşündə yumşaldıcı ünsürlər ola bilərdi. Suriyada Türkiyə üçün müttəfiqlər ABŞ koalisiya qüvvələri sayılan dövlətlər, Azad Suriya Ordusu kimi tanınan və Əsəd rejiminə qarşı çıxan ərəblərdir. Rusiya üçün isə müttəfiqlərin Əsəd üsul-idarəsi və Suriya dövlət ordusu, Türkiyə və indiyə qədər adını çəkməsəm də, böyük tabloda önəmli yer tutan İrandır. Ancaq işin maraqlı tərəfi budur ki, Rusiya xüsusilə “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyənin Münbiçə qədər irəliləməsini düşünərək YPG ilə yarana biləcək hər hansı münaqişənin qabağını almaq üçün ətrafdakı bəzi qəsəbə və kəndləri Əsəd rejiminə verərək Türkiyə ilə YPG arasında tampon bölgə yaratmışdır. Bu da Trampdan başqa Putin Rusiyasının da YPG və silahlı kürdlərlə müttəfiqliq etdiyini göstərməkdədir. Bu tabloda Türkiyə, ABŞ və Rusiya müştərək düşmən kimi DAEŞ-i görürlər.

- Təsvir etdiyiniz bu təfərrüatlı tablodan 16 mayda keçirilmiş Trump-Ərdoğan görüşü barədə ilk dəyərləndirməniz necə olacaq?

- Tramp-Ərdoğan görüşü təxminən 20 dəqiqə davam etdi. Mətbuata verilən açıqlamada Trampın sözlərində vurğulanması lazım olan nöqtə “Terrora və Suriyadakı qətliama, ekstremizmə qarşı mübarizəsində Türkiyəyə dəstək veririk və Türkiyənin sifariş verdiyi hərbi ləvazimatı sürətlə göndərəcəyik” – sözləri oldu. Prezident Tramp 16 mayda baş tutan görüşü “tarixi dönüş nöqtəsi” kimi xarakterizə etdi. Ərdoğan isə iki ölkə arasında müştərək demokratik dəyərlər və mənafelər təməlində qurulan bir münasibətin varlığından bəhs etdi və daha da önəmlisi, PYD-YPG-nin tərəf-müqabil kimi qəbul edilməsinin qlobal razılaşmaya zidd olduğunu vurğuladı. Ərdoğanın altından xətt çəkdiyi qlobal razılaşma məsələsinin terrora qarşı mübarizədə strateji müttəfiqliq olduğuna şübhə yoxdur. “Bölgəmizin içindən keçdiyi bu sıxıntılı dönəmdə bu görüşün tarixi dönüş nöqtəsi olduğuna” diqqəti cəlb edən prezident Ərdoğan 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd etmiş FETÖ terror təşkilatı barədə gözləntilərini də dilə gətirdi. İkitərəfli, üçtərəfli və hətta çoxtərəfli dövlət münasibətləri və o çərçivədə reallaşan Tramp-Ərdoğan görüşü də böyük tablodakı əsas aktyorları motivasiya edən mənafelərin kölgəsində qalmaqdan başqa bir taleye malik deyil və yaxın gələcəkdə də malik olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR