Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub

Sabirabadda yeni su nasos stansiyası və beton kanalının açılışı olub
# 17 may 2017 14:28 (UTC +04:00)

Sabirabad rayonunun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan, rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə yeni suvarma kompleksinin açılışı olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, suqəbuledici qurğu olan stasionar nasos stansiyası, 3 kilometrlik iki boru xəttinin və uzunluğu 8 kilometr olan beton suvarma kanalının işə düşməsi ilə 11 min 498 hektar əkin sahəsi su ilə təmin olunacaq.

İki mərhələdən ibarət olan tikinti işlərinin birinci mərhələsi başa çatıb. Kanalın ümumi uzunluğu isə 24 km olacaq. Yeni stansiyanın su ötürmə qabiliyyəti 10 kubmetr/saniyədir.

Tikinti işləri zamanı uzunluğu 2880 paqonometr olan 4 boru xətti də inşa edilib. Torpaqbərkitmə və betonlanma işləri aparılıb. Tikinti işlərində yerli istehsal olan boru xətlərindən istifadə olunub.

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə həyata keçən tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika və 100-dən çox işçi qüvvəsi cəlb edilib.

Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin üzvləri və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR