Tiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçirilir

Tiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçirilir
# 17 may 2017 22:39 (UTC +04:00)

Tiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, komitə iclasında nəqliyyat dəhlizlərinin modernləşdirilməsi məsələləri, həmçinin nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti, təşkilata yeni üzvlərin qəbulu, investisiya imkanları və yeni investorların cəlb olunması, eləcə də perspektiv planlar müzakirə olunacaq.

Tədbirdə Azərbaycan İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak edirlər.

İclasda qeyd olunub ki, hazırda 11 ölkə CAREC-ə üzvdür. Başqa ölkələrin də bu proqrama qoşulması investisiya imkanlarının artmasına və ümumi nəqliyyat dəhlizlərinin genişlənməsinə səbəb ola bilər. Bildirilib ki, bu gün Azərbaycandan keçən dəhlizin modernləşdirilməsi də diqqət mərkəzindədir. Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilir və buradan da Gürcüstana və sonra yüklər Avropaya daşınır.

İclasda bildirilib ki, Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dörd zolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir.

Tədbirdə eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun təkmilləşdirilməsi məsələsi də müzakirə edilib. Qeyd olunub ki, Bank BTQ dəmir yolunun təkmilləşdirilməsinə vəsait ayırmaqda maraqlıdır. Layihə çərçivəsində BTQ dəmir yolunda elektrik xətlərinin çəkilməsi, yol nişanlarının qoyulması və təkmilləşdirmə işləri daxildir. Tədbir mayın 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR