Prezident: “Azərbaycanda xarici investorlar üçün gözəl şərait yaradılıb”

Prezident: “Azərbaycanda xarici investorlar üçün gözəl şərait yaradılıb”
# 18 may 2017 12:50 (UTC +04:00)

“Bu gün xarici tərəfdaşlarla əməkdaşlığımız çox sağlam təməl üzərində qurulub”.


APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib.


Dövlət başçısı deyib ki, həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: “Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır. Beləliklə, bu gün ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işləri apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR