Fransa səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa və mütəmadi dialoqunun tərəfdarıyıq"

Fransa səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa və mütəmadi dialoqunun tərəfdarıyıq"
# 13 iyul 2017 10:47 (UTC +04:00)

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır.

APA-nın məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bildirib.

“Bizim yanaşmamız belədir: biz dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıyıq. Buna görə xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən görüşü alqışlayırıq. Dəfələrlə söyləmişik ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər”, - deyə səfir qeyd edib.

Diplomatın sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçıların görüşünün təşkil edilməsi zəruridir.

"Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır", - deyə səfir vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR