Bakının işğaldan azad olmasına həsr olunan tədbir keçirilib

Bakının işğaldan azad olmasına həsr olunan tədbir keçirilib
# 13 sentyabr 2017 10:03 (UTC +04:00)

Bu gün Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə “Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə ictimai birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən danışıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışı zamanı Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, iki ölkə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə malikdir: “Bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Bəlkə də dünyada belə sıx dostluğa malik ölkələr yoxdur. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi dini, dili, soyu bir olan qardaş xalqlarıq. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir. Bu, 1918-ci ildə də belə olub. Türkiyə Azərbaycanı yanında gördükdə özünü daha güclü hiss edir. Bu gün Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri də iki ölkənin bir- birinə olan inamını göstərir. Bu gün Bakıdakı Atatürk Mərkəzində bir araya gəlməyimiz 1918-ci ildə verdiyimiz şəhidlərimizin sayəsindədir. Onlara Allahdan rəhmət diləyirik. Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyeva, prezident İlham Əliyevə təşəkkür edirik”.

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, 15 sentyabrda Bakının azad olunmasına görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. Deputat dəfələrlə parlamentdə Bakıda Nuru Paşaya abidə ucaldılması ilə bağlı təklif irəli sürdüyünü xatırladıb: “Azərbaycanla Anadolunun düşməni eynidir. İki qardaş ölkəni ayrı salmaq üçün edilən bütün cəhdlər alınmayacaq. Zamanla digər türk respublikaları da bu birliyə qoşulacaq”.

Millət vəkili Hikmət Babaoğlu isə deyib ki, hər bir ölkənin tarixi ondan ibrət dərsi almaq üçün öyrənilməlidir: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin xüsusi rolu var. Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları ermənilərdən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.

Tədbir digər çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR