İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək

İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək
# 13 sentyabr 2017 11:08 (UTC +04:00)

"Hərbi bazaların yoxlanılmasına icazə verməyəcəyik".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələri komandanının müavini Əhmədrza Purdəstan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın hərbi bazalarının yoxlanıla biləcəyinə dair açıqlamasına münasibət bildirirkən deyib.

Ə. Purdəstan deyib ki, hərbi bazaların yoxlanılması ilə bağlı Silahlı Qüvvələrin Baş Qərargahı rəsmi mövqeyini açıqlayıb: “Hərtərəfli Birgə Fəaliyyət Planında da hərbi mərkəz və bazaların yoxlanılması istisna olunur. Silahlı Qüvvələr öz mövqeyini tam müdafiə edəcək və icazə verməyəcək ki, kimsə bazaları yoxlasın”.

Ə. Purdəstan İran Silahlı Qüvvələrinin ABŞ gəmisinə xəbərdarlıq etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O deyib ki, İran İslam Respublikasının qayıqları bir neçə gün əvvəl problem yaranan bir gəmiyə yardım etmək üçün həmin gəmiyə yaxınlaşıb. Bu zaman ABŞ gəmisi də həmin gəminin yanına gəlib: “İran Silahlı Qüvvələrinin xəbərdarlığı ilə ABŞ gəmisi geri çəkilib. Bu sahədə beynəlxalq qanunlar mövcuddur, ABŞ da dəniz qanunlarına əməl etməyə borcludur”.

Qeyd edək ki, Nikki Heyli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Yukya Amano ilə görüşdə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olaraq, İranda şübhəli hərbi bazalarda yoxlamalar aparıla bilər və bu, edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR