BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb
# 21 sentyabr 2017 14:39 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) universitet rəhbərliyinin 1-ci kurs tələbələri ilə görüşü keçirilib.

BSU-dan APA-ya bildirilib ki, rektor professor Nurlana Əliyeva tələbələrə müraciət edərək onların həyatında yeni bir mərhələnin başlandığını vurğulayıb. O, BSU-nun tələbələrinin universitetə öz doğma ocaqları kimi baxmalarının vacibliyini qeyd edib: “Mən istəyirəm, hər bir tələbə öz universiteti ilə fəxr etsin, bu sevgi onun qəlbinə, ruhuna hopsun”.

Rektor əvvəllər M. F .Axundov adına Rus Dili və Ədəbiyyatı adlanan institutun 17 il öncə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universitetinə çevrildiyini, onun xeyir-duası ilə fəaliyyətə başladığını bildirib.

N. Əliyeva hazırda universitetin əksər slavyan ölkələri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, BSU-nun ən çox Rusiyanın ali məktəbləri ilə əməkdaşlıq etdiyini, bu ölkənin 27 universiteti ilə tələbə-müəllim mübadiləsi aparıldığını bildirib.

Rektor universitet daxilində yaradılmış mühitin multikulturalizmə layiqli töhfə olduğunu nəzərə çatdırıb. O, Azərbaycanın bu məsələdə demokratiya tarixi 250 il olan dövlətlərdən də irəlidə olduğunu bildirib. Bununla bərabər, rektor gənclərin milli –mənəvi dəyərlərə ehtiramla yanaşmanın da önəmli məsələ olduğunu qeyd edib. O, xatırladıb ki, bizim gənclik həm də öz vətənpərvərlik və patriotizm duyğuları ilə fərqlənir. Rektor buna misal olaraq, ötən il aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi yüksək qiymətləndirib.

N. Əliyeva və prorektorlar gəncləri maraqlandıran suallara cavab veriblər.

Tədbirin ardından universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi ilə Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin əməkdaşları musiqi, rəqs və bədii qiraət bacarığı olan istedadlı I kurs tələbələri arasında seçim aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR