GUAM-ABŞ Birgə Bəyannaməsində ərazi bütövlüyünə sadiqlik vurğulanıb

GUAM-ABŞ Birgə Bəyannaməsində ərazi bütövlüyünə sadiqlik vurğulanıb
# 22 sentyabr 2017 08:50 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib.

APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, görüşün yekunu olaraq “GUAM-ABŞ Birgə Bəyannaməsi” qəbul edilib. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir. Regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub saxlanmasının geniş regional konteksdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.

Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha qeyd olunur. GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir.

Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırladılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR