SOCAR: Hazırda AÇG-də 550 mln. tondan çox neft var, bu, yekun rəqəm deyil

SOCAR: Hazırda AÇG-də 550 mln. tondan çox neft var, bu, yekun rəqəm deyil
# 12 oktyabr 2017 08:44 (UTC +04:00)

"Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir".


"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, hazırda AÇG-də 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib: "Əminik ki, bu, yekun rəqəm deyil. Azərbaycan bu gün neft və qaz ehtiyatlarına görə dünya ictimaiyyətinin diqqətindədir".


R. Abdullayev deyib ki, hazırda "Şahdəniz" yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: "Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir".


Dövlət şirkətinin prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu, "Petkim" layihələrindən də geniş danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR