"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı keçirilir

"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı keçirilir
# 12 oktyabr 2017 10:59 (UTC +04:00)

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı başlayıb.

APA-nın xəbərinə görə, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Kastamonu Universitetinin rektoru Seyit Aydın və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov iştirak edib.

Erkan Özoral bildirib ki, bəzi qüvvələr Türkiyə və Azərbaycanın eyni kökdən olduğunu unutdurmağa çalışır: "Tariximizi birlikdə araşdırmasaq, bu işi başqalarına həvalə etsək, yalan tarix ortaya çıxacaq. Biz bir ağacın iki qoluyuq, bir atanın iki oğluyuq. Türkiyə və Azərbaycan xalqı bir-birini çox yaxşı tanıyır, amma bizim münasibətdə əskik olan bir şey var. Biz bir-birimizi yaxşı tanımağa rəğmən, dərinliyə gedə bilməmişik. İki ölkənin tarix və mədəniyyətindəki ortaq yönləri araşdırmağı başqasına həvalə etsək, öz istədikləri kimi yazmağa çalışarlar. Belə olanda da Qubanın ağ alması Iğdırın ağ alması, Məhəmməd peyğəmbər Mehmet olar və hətta Nuru Paşanın o vaxt Bakıya qızıl üçün gəldiyini deyənlər də var. Biz böyük zülmə məruz qalmış millətik və bunları ortaya çıxarmağımız lazımdır. Düşmənlərimiz türklüyü yox etməyə çalışırlar. Buna görə, keçmişi öyrənək ki, gələcəyə sahib çıxaq. Azərbaycan ən çox şəhidimizin olduğu ölkədir. Biz Azərbaycan torpaqlarının müdafiəsini öz vətənimizin müdafiəsi kimi görürük. Bu gün Qarabağ şəhidlərinin Türkiyə şəhidlərindən heç bir fərqi yoxdur”.

S. Aydın deyib ki, dili, tarixi və mədəniyyəti bir olan iki dövlətin ortaq tarixini, ortaq gələcəyini cızmaq üçün birgə gerçəkləşdirilən elmi fəaliyyətlərin əhəmiyyəti çoxdur.

İlham Mədətov Türkiyə və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Konfrans bölmə iclaslarında davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR