Dövlət Statistika Komitəsinin sədri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 12 oktyabr 2017 15:50 (UTC +04:00)

Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Kestutis Yankauskasla görüşüb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, T. Budaqov K. Yankauskası Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişafı ilə səciyyələnir, ölkəmizdəki bugünkü sistemli inkişaf özünü artan statistik göstəricilərdə qabarıq göstərir. Bütün sahələrdə inkişafın dayanıqlığını təmin etmək məqsədi ilə ciddi addımlar atıldığını deyən T. Budaqov qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsinin ölkə iqtisadiyyatının prioritet hədəfləri olduğunu vurğulayıb. Azərbaycanla Aİ arasında mövcud əlaqələrdən danışan komitə sədri qeyd edib ki, Aİ ölkəmizin xarici ticarət, energetika və bir çox digər sahələr üzrə əsas tərəfdaşlarındandır.

Azərbaycanın statistika sisteminin daha da təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində həyata keçirilən layihələr və proqramlar barədə ətraflı məlumat verilib. Belə ki, Dövlət Statistika Komitəsi Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti, həmçinin Fəaliyyət Planının prioritetlərinə nail olmaqda vacib rol oynayan Tvinninq və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) kimi əməkdaşlıq alətlərindən səmərəli istifadə edir. Hazırda sayca ikinci olan “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi yekunlaşmaqdadır. Aİ-nin müvafiq institutlarının (Avropa İttifaqının Statistika Bürosu, Avropa Azad Ticarət Assosiasiyası) iştirakı ilə ölkəmizdə milli statistika sisteminin qlobal qiymətləndirilməsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

K. Yankauskas Azərbaycanla əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edərək, bundan sonra da DSK ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Aİ-nin Azərbaycanı regionda sabit və etibarlı tərəfdaş kimi, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi yüksək dəyərləndirdiyi xüsusi qeyd edib.

Görüşdə Aİ və Dövlət Statistika Komitəsi arasında qarşılıqlı əməkdaşlığın perspektivləri və bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR