Ayaz Mütəllibovun mətbuat katibinin məhkəməsi davam etdirilib

Ayaz Mütəllibovun mətbuat katibinin məhkəməsi davam etdirilib
# 17 oktyabr 2017 13:36 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T. İbrahimov Ağdam Rayon icra başçısı Raqub Məmmədovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb. T. İbrahimov deyib ki, o, cinayət işində sadəcə vasitəçi olub.

Hakim deyib ki, digər şahidlərlə yanaşı, R. Məmmədovun da məhkəməyə gəlməsi üçün tədbirlər görüləcək.

Proses oktyabrın 31-dək təxirə salınıb.

Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR