Cocuq Mərcanlı sakini hərbi hospitalda təmənnasız ürək əməliyyatı olunub

Cocuq Mərcanlı sakini hərbi hospitalda təmənnasız ürək əməliyyatı olunub
# 08 noyabr 2017 10:59 (UTC +04:00)

Ağır ürək problemi olan Cocuq Mərcanlı kənd sakini Natiq Fərəməzov Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək mərkəzində təmənnasız açıq ürək əməliyyatı olunub.

Əməliyyatı icra edən ürək-damar cərrahı, hospitalın Ürək-damar mərkəzinin rəisi Anar Əmrah APA-ya bildirib ki, 49 yaşlı N.Fərəməzov mərkəzə gətiriləndə ürəyinin atım gücü 30% olub: “Xəstəmiz ilk dəfə 2016-ci ilin aprel döyüşləri zamanı yaşadığı stress nəticəsində infarkt keçirib. İkinci dəfə infarkt keçirəndə yardım üçün bir neçə yerə və Müdafiə Nazirliyinə müraciət edib. Nazirliyin dəstəyi ilə Natiq Fərəməzovun ürəyində açıq ürək əməliyyatı həyata keçirdik. Hazırda durumu yaxşıdır və bu gün artıq evə buraxılacaq”.

Həkim qeyd edib ki, Hərbi Hospitalın Ürək Damar Mərkəzi 2013-cü il oktyabrın 8-də fəaliyyətə başlayıb və 4 il ərzində mərkəzdə 35 minə yaxın ürək xəstəsinə tibbi yardım göstərilib: “Bunlardan 1000-i ürək qüsurlu olan körpələr və uşaqlar olub. Ürək damar mərkəzində müalicə alan xəstələrin ən kiçiyi 2 günlük körpə, ən böyüyü isə 92 yaşlı xəstə olub. Bu illər ərzində mərkəzdə 250-si körpə və uşaq olmaqla 3000-ə yaxın ürək və damar əməliyyatları həyata keçirilib.

4 il ərzində burda açıq ürək əməliyyatı ilə yanaşı 7 min anjioqrafiya və stend implantasiyası icra olunub. Mərkəzdə hərbçilərlə yanaşı bütün ölkə vətəndaşları da müayinə və müalicə olunur”.

N.Fərəməzov ona göstərilən dəstəyə görə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinə və Hərbi Hospitalın heyətinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR