Məişət zorakılığından əziyyət çəkənlər üçün daha üç sığınacaq yaradılacaq

Məişət zorakılığından əziyyət çəkənlər üçün daha üç sığınacaq yaradılacaq
# 08 noyabr 2017 10:56 (UTC +04:00)

Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların sayı artırılacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, məişət zorakılığının qurbanları olan insanlar üçün Bakıda iki sığınacaq fəaliyyətə başlayıb: “Bu sığınacaqlar çox böyükdür və Avropa standartları səviyyəsində qurulub. Bu yaxınlarda Bakının mərkəzində, Səbail rayonu ərazisində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi açılıb. Hazırda Göyçay şəhərində birinci mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, ikinci mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacağın yerləşəcəyi ikimərtəbəli binanın açılması nəzərdə tutulub. Artıq işlər yekunlaşıb və yaxın vaxtlarda bu mərkəz və sığınacaq fəaliyyətə başlayacaq”.

Nazir qeyd edib ki, gələn il Bakı, Lənkəran və Xaçmazda məişət zorakılığından əziyyət çəkmiş şəxslər üçün üç sığınacağın yaradılması nəzərdə tutulub. “Bu günə qədər nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq, 10 QHT-yə məişət zorakılığına qarşı mübarizə üçün akkreditasiya vərəqəsi verilib. Onlardan 4-ün sığıncağı var. Bu sığınacaqların ikisi Bakıda, ikisi Gəncədədir. Növbəti ildə biz onlara 3 sığınacaq təqdim etsək, bu problemin sosial müdafiə hissəsi həlini tapacaq”, - deyə S. Müslümov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR