İsveç şirkətləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

İsveç şirkətləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
# 08 noyabr 2017 15:52 (UTC +04:00)

Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla İsveçin dövlət katibi, Avropa İttifaqı və Ticarət məsələləri üzrə naziri Oskar Stenströmun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Nobel qardaşları”nın fəaliyyəti nümunəsində Azərbaycanın neft sənayesində İsveçlə əməkdaşlığın uzun bir tarixə malik olduğunu xatırladan G.Cavadov Bakı-Batum arasında neft kəmərinin inşasının da bu adla bağlı olduğunu deyib.

Nazir müavini İsveçlə Azərbaycanın enerji əməkdaşlığının Avropa İttifaqı çərçivəsində davam etdiyini qeyd edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyi, enerji mənbə və marşrutlarının şaxələndirilməsi kimi prioritetlərinə cavab verən qlobal layihələri həyata keçirməklə bu əlaqələri möhkəmləndirdiyini diqqətə çatdırıb. Bildirilib ki, müstəqillik illərində ölkənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində 50-dən çox proqram həyata keçirilib. Hazırda isə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyinin artırılmasına yönələn, sosial rifahın yüksəlişi, ölkəyə investisiyaların cəlbi, azad rəqabət mühitinin formalaşması, bazarlara çıxış və insan kapitalının inkişafı üçün böyük imkanlar yaradan “Strateji Yol Xəritələri” həyata keçirilir. Enerji sektorunu da əhatə edən bu xəritələrdə isə yeni texnologiyalar və qabaqcıl təcrübənin tətbiqinin vacibliyi qeyd olunub. Bu baxımdan Energetika Nazirliyi İsveç şirkətlərinə müvafiq sahələrdə əməkdaşlıqda dəstək verməyə hazırdır.

İsveçin dövlət katibi, Avropa İttifaqı və Ticarət məsələləri üzrə naziri O.Stenström isə bildirib ki, enerji və nəqliyyat infrastrukturu ölkənin davamlı inkişafının əsasını təşkil edir. Bu səbəbdən İsveç biznes nümayəndələrinin səfərinin çox əlverişli zamana təsadüf etdiyini düşünür. Onun sözlərinə görə, İsveç şirkətləri davamlı uzunmüddətli inkişaf və müasirləşmə proqramları üzrə həll yollarını təmin edə bilərlər.

Sonra tədbirdə təmsil olunan şirkətlər innovativ texnologiyalar, avadanlıq və xidmətlərin tətbiqini tələb edən layihələrlə maraqlanıb və əməkdaşlıqlarını təklif ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR