MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib
# 14 noyabr 2017 13:33 (UTC +04:00)

Bu gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

Müsabiqədə Azərbaycan vətəndaşı olmayan şəxslər, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.

Müsabiqədə iştirak etmək üçün MTRŞ-ya yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə, teleradio yayımı kanalının fərqləndirici nişanı (telestudiyanın emblemi), iddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çox olduğu halda), Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti, yayımın proqram konsepsiyası, kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış, teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla), son bir il üzrə dövriyyə cədvəli, əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə), icarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti, teleradio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tələbləri, təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı, anketi, müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş təqdim olunmalıdır.

Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur. Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə MTRŞ-ya təqdim olunmalıdır.

Sənədlər 7 nüsxədə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş geri qaytarılmır.

Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR