Sumqayıtda məcburi köçkünlərlə yerli sakinlər arasında torpaq üstündə mübahisə yaranıb - ARAŞDIRMA

Sumqayıtda məcburi köçkünlərlə yerli sakinlər arasında torpaq üstündə mübahisə yaranıb - <span style="color: red;">ARAŞDIRMA
# 07 dekabr 2017 10:02 (UTC +04:00)

Sumqayıt şəhər 20/21-ci mikrorayon ev 777 ünvanında 24 sot torpaq sahəsi məcburi köçkün Yadulla Cümşüdov və şəhər sakini Murad Muradov arasında mübahisə mövzusuna çevrilib.

Y. Cümşüdov APA-ya açıqlamasında deyib ki, həmin ərazidə tikilən ərazidəki evlərdə anası, qardaşı, əmisi, onların ailə üzvləri daxil olmaqla, ümumilikdə 36 məcburi kökün yaşayır.

Y. Cümşüdov məcburi köçkün düşdükdən sonra 1994-cü ilin avqustundan bu ərazidə öncə çadırda yaşadıqlarını bildirib: “24 sot boş torpaq sahəsi idi, 1 il 2 ay bu torpaqda çadırda yaşamışıq. Biz orada yaşamağa başlayan zaman Seyidqulu Muradov adlı yaşlı kişi ora gəldi, dedi ki, burada məcburi köçkünlərin məskunlaşdığını eşidib, bu yer sənədlə onun adınadır, xeyir-dua verməyə gəlib. Mən bu torpağa ona 130 min manat verdim, 5 min manat da borclu qaldıq. Sonra o pulu da aldı. Ancaq biz sonradan onun müqaviləsinə baxanda gördük ki, bu, icarə müqaviləsidir, müddəti 9 il əvvəl, 1995-ci ildə bitib, Seyidqulu Muradov bizi aldadıb. Sonra kişiyə dedik ki, pulu qaytar, qaytarmadı, dedi ki, pulu xərcləyib. Bu torpaqlar 2000-ci ildən Sumqayıt şəhər Bələdiyyəsinin balansına verilib. 2004-cü ildə bələdiyyə bizə təklif etdi ki, şəhərdə yaşayan qohumlarımızın adına bu 24 sot torpağı alaq, 4 yerə bölək. Həmin torpağı 1950-60-cı illərdən Sumqayıtda yaşayan qohumlarımızın adına aldıq. 2004-cü ildə hər 6 sotu üçün 1 milyon 500 min manat ödədik. Bələdiyyənin sənədlərində bununla bağlı möhürü də var. 2015-ci il dekabrında Seyidqulu Muradov bizimlə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etdi, məhkəmə iddianı rədd etdi. Məhkəmədə onların nümayəndələri kimi torpaq alverçiləri olan Elvin və Elçin Əhmədov qardaşları çıxış etdilər. Fevralda isə qarşı tərəf Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdi. Sumqayıt Apelyasiya Məhkəməsi 7 aydan sonra qarşı tərəfin iddiasını təmin etdi. Biz o məhkəmədə iştirak etməmişik. Sonradan biz 2016-cı ilin sonlarında Ali Məhkəməyə müraciət etdik. Ali Məhkəmə həmin ilin noyabrında yenə qarşı tərəfin iddiasını təmin etdi. Konstitusiya Məhkəməsinə müraciətimizə isə mülki iş olduğu bildirilərək baxılmadı, ancaq biz Konstitusiya Məhkəməsinə mülki iddia yox, insan hüquqlarının pozulması iddiası ilə müraciət etmişdik. Hazırda işin yeni halları yaranıb, ancaq şikayət müddətinin seçdiyi əsas gətirilərək Ali Məhkəmənin Plenumu məsələyə baxmır”.

Y. Cümşüdov S. Muradovun 2017-ci il aprelin 14-də vəfat etdiyini, hazırda bu torpağa onun oğlu Murad Muradovun iddia etdiyini söyləyib: “Biz hazırda məhkəmə qərarının icrasının dayandırılmasını, işdə yeni hallar yarandığı üçün məsələyə Ali Məhkəmənin Plenumunda baxılmasını istəyirik. Bununla bağlı dövlət başçısına, aidiyyəti dövlət qurumlarına da müraciət edib, dəstək istəmişik”.

Y. Cümşüdov iddia edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından sonra Elvin və Elçin Əhmədov qardaşları onun iş yerinə gəlib, 200 min manat müqabilində torpağa iddialarından vaz keçə biləcəklərini söyləyiblər. Eyni zamanda onu yüksək vəzifəli şəxslə hədələyib, bütün məhkəmə proseslərini uduzacağını bildiriblər.

Torpağa iddia edən Murad Muradovun bacısı oğlu olduğunu bildirən Elvin Əhmədov APA-ya açıqlamasında bu sahədə biliyi ilə əlaqədar zərərçəkmiş şəxsin məhkəmələrdə nümayəndəsi kimi çıxış etdiyini, qardaşı Elçinin isə ümumiyyətlə, məhkəmə proseslərinə qatılmadığını nəzərə çatdırıb: "Seyidqulu Muradov babamız olub. 1965-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsi tərəfdən icarə müqaviləsi ilə həmin torpaq sahəsi Seyidqulu Muradova verilib. 1985-i ilə qədər müqavilənin müddəti uzadılıb. 1991-ci ilə qədər həmin torpaqlara vergi ödənilib. İcarə müqaviləsində yazılıb ki, müqavilənin müddəti qurtarırsa, tərəflərdən hər hansı biri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etmirsə, müqavilənin müddəti avtomatik olaraq 10 il müddətinə uzadılır. 1997-ci ildə dövlət başçısının imzaladığı 337 saylı fərmanla bu torpaq əvəzsiz olaraq Seyidqulu Muradovun mülkiyyəti olub. Ona görə də bu torpağa iddiamızın əsassız olması barədə qarşı tərəfin fikri yanlışdır. 1994-cü ildə deyil, 2010-cu ildə həmin Yadulla Cümşüdov, 3 oğlu, anası ora gəlib. O insanların orada 2010-cu ildə məskunlaşdıqlarını təsdiqləyən sənədlər var. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıtdakı orqanı, Sumqayıt şəhər Bələdiyyəsi, Qubadlı Rayon İcra Hakimiyyəti də bunu təsdiqləyən arayışlar veriblər və bu arayışlar tərəfimizdən məhkəməyə təqdim edilib. 1985-ci ildə babamız o torpaq sahəsində birmərtəbəli, iki otaqlı ev tikilib, o insanlar da 2010-cu ildə bu evdə müvəqqəti yaşamağa icazə istəmişdilər. 2013-cü ildə isə onlar həmin birmərtəbəli, ikiotaqlı evi söküb, yerində yeni evlərin tikintisi üçün bünövrə qoymağa başlayıblar. Biz yeni evlərin tikilməsindən xəbər tutduqda 2014-cü ildə məhkəməyə müraciət etdik. Babam Seyidqulu Muradov sağlığında bu torpaqlara mülkiyyət hüququnu təsdiq edən çıxarış, “kupça” alıb. Y. Cümşüdovun 2004-cü ildə Sumqayıt şəhər Bələdiyyəsindən həmin torpağı alması barədə söylədikləri də yalandır və bu, məhkəmədə təsdiqi tapıb. Sadəcə, həmin vaxt torpağı almaq üçün üstünlük əldə etmək üçün bələdiyyəyə ödəniş edib, ödənişin qəbzi var. Bu, torpaq üçün verilmiş sənəd deyil”.

E. Əhmədov onu da qeyd edib ki, bu gün onların torpaqlarına qanunsuz yiyələnmiş Y. Cümşüdov əslində Qubadlıdan da deyil, Ermənistandandır, 1967-ci ildən Sumqayıtda yaşayır, Qarabağ müharibəsi veteranı deyil, hərbi bileti yoxdur: “Bu şəxs kifayət qədər imkanlıdır, “Merinos” xalça mağazalar şəbəkəsinin sahibidir, Bakıda 7 yerdə, Sumqayıtda 4 yerdə mağazası var. Daşınan və daşınmaz əmlakların hamısı da öz adındadır. Çoxlu sayda avtomobili var. Mənim torpaq alveri ilə məşğul olmağım barədə söylədikləri də yalandır. Mən əvvəllər kiçik bizneslə məşğul olmuşam, hazırda isə işsizəm. Mənim uşaqlığım onların babama məxsus olan həmin torpaqda dağıtdıqları birmərtəbəli, ikiotaqlı evdə keçib. Bizə yüksək rütbəli şəxsin dəstək verməsi barədə dedikləri də yalandır, məhkəmə də bunu araşdırıb, onun yalanını üzə çıxarıb”.

Qubadlı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Qarayev isə APA-ya açıqlamasında deyib ki, Y. Cümşüdov Qubadlı rayon sakinidir, 1993-cü ildə məcburi köçkün düşüb, 1994-cü ildə qohumları ilə göstərilən mübahisəli ərazidə məskunlaşıblar: “Həmin torpaq sahəsini Seyidqulu Muradovdan alıblar. 24 ildə o torpaqda özlərinə şərait yaradıb, evlər tikiblər. 2014-cı ildə qarşı tərəf məhkəməyə müraciət edib ki, siz oradan çıxmalısınız. Birinci instansiya məhkəməsi Yadulla Cümşüdovun xeyrinə qərar çıxarıb. Çünki Yadulla Cümşüdov 2004-cü ildə həmin dövr üçün Sumqayıt şəhər Bələdiyyəsinə o dövr üçün 4 nəfərin adından 15 milyon manat ödəmə aparıb, ancaq sənədləşmə başa çatmayıb. Hazırda həmin yerdə 36 nəfərdən ibarət məcburi köçkün məskunlaşıb. İcra Hakimiyyəti məcburi köçkünlərin həmin ərazidən çıxarılmasına qarşıdır. Çünki həmin insanlar öz vəsaitləri hesabına mülklər tikiblər, bu mülklərin taleyi necə olacaq? Orada 4 ev, 36 məcburi köçkün var, o insanların taleyi bizi narahat edir. İcra Hakimiyyəti onların həmin yerdən çıxarılmasına qarşıdır”.

Əlavə edək ki, şikayətçi tərəf - Yadulla Cümşüdov və digərləri bu gün məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR