Novruz Məmmədov: "İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər"

Novruz Məmmədov: "İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər"
# 07 dekabr 2017 11:27 (UTC +04:00)

"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır".

N. Məmmədov bildirib ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür: "Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.

Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.

Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı?

Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, “var” deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir.

Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR