Qəbələdə bələdiyyələrin fəaliyyətinə həsr olunmuş konfrans keçirilib

Qəbələdə bələdiyyələrin fəaliyyətinə həsr olunmuş konfrans keçirilib
# 07 dekabr 2017 16:15 (UTC +04:00)

Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ərazi-təşkilat şöbəsinin bələdiyyələrlə iş sektorunun dəstəyi, Milli Məclisin regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, konfransda Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, komitənin sədr müavini Fəttah Heydərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edib.

Onlar Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Komitə sədri Arif Rəhimzadə yerli özünüidarəetmə orqanları tərəfindən bir çox işlər görüldüyünü, onların üzərinə qoyulmuş bir çox vəzifələrin icra olunduğunu qeyd edib. Bildirilib ki, bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılması sahəsində müəyyən irəliləyiş var, lakin bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur. Komitə sədri Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılmasının vacibliyini qeyd edib, nöqsanların aradan qaldırılması, fəaliyyətin genişləndirilməsi və uğurlu nəticələrin əldə ediləsi üçün bələdiyyə sədrlərinə müvafiq tövsiyələr verib.

Konfransda Səbail bələdiyyəsinin sədri bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, bu sahədə bələdiyyələrin üzləşdiyi problemlər”, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyələrin fəaliyyətinin təşkilində informasiya-kommunikasiya texnologiyalarından istifadə və kadr təminatı”, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev “Bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, bələdiyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılması”, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov “Bələdiyyələrin beynəlxalq əməkdaşlığı təcrübəsi, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət perspektivləri” mövzusunda məruzə edib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, konfransda Milli Məclisin regional məsələlər komitəsinin 6 üzvü, Ədliyyə Nazirliyinin regional idarələrinin rəhbərləri, 90 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR