Prezident: "Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu"

Prezident: "Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu"
# 31 dekabr 2017 21:14 (UTC +04:00)

"Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Dövlət başçısı xarici siyasətin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu qeyd edib: "Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.

Hesab edirəm, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir", deyə prezident qeyd edib.

Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşayıblar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıdıblar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.

Qeyd etməliyəm ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş veribr. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılıb. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır.

Bizim hərbi potensialımız bu il də diqqət mərkəzində olub. Ordumuz üçün nə lazımdırsa onu da biz həll etdik. Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR