“Qazprom” qaz hasilatını 12%-dən çox artırıb

“Qazprom” qaz hasilatını 12%-dən çox artırıb
# 04 yanvar 2018 11:41 (UTC +04:00)

Rusiyanın “Qazprom” neft-qaz şirkəti 2016-cı illə müqayisədə 2017-ci ildə qaz hasilatını 12,4% artıraraq 472 mlrd. kubmetrə çatdırıb.

APA-Economics”in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, şirkət Avropaya qaz nəqlini 8,1% artıraraq 193,9 mlrd. kubmetrə çatdırıb: “İlkin məlumatlara görə, “Qazprom” 2017-ci ildə 472 milyard kubmetr qaz hasil edib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 12,4% çoxdur. Bu şirkətin tarixində ən yaxşı hasilat artımı dinamikasıdır. Mütləq göstəricidə hasilat artımı 51,9 mlrd. kubmetr təşkil edib”.

A. Miller əlavə edib ki, 2017-ci il şirkət üçün yeni ixrac rekordları ili kimi yadda qalıb: “2017-ci ildə şirkət xaricə 193,9 mlrd. kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin göstərici ilə müqayisədə 14,6 mlrd. kubmetr və ya 8,1% çoxdur. Bu rəqəm həmçinin 2016-cı ildə əldə edilmiş maksimumdan – 179,3 mlrd. kubmetrdən çoxdur”.

Şirkət rəhbəri qeyd edib ki, “Şimal axını-2” layihəsinin keçəcəyi Şimal-Qərb və Mərkəzi Avropa regionu ölkələri istiqamətində də Rusiya qazının ixracı artıb. Belə ki, şirkət Almaniya bazarına 53,4 mlrd. kubmetr qaz tədarük edib. Bu isə 2016-cı ildəki 49,8 mlrd. kubmetr göstəricidən 3,6 mlrd. kubmetr və ya 7,1% çoxdur.

A. Miller həmçinin qeyd edib ki, “Qazprom”un Avstriyaya qaz nəqli də yeni tarixi səviyyəyə çatıb. Bu ölkəyə nəql edilən Rusiya qazının həcmi 2016-cı ilin göstəricisindən 40% çox, 8,5 mlrd. kubmetr təşkil edib. Şirkət Fransaya qaz nəqlini bir ildə 6,8% artıraraq 12,3 mlrd. kubmetrə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR