Dələduzluqda təqsirləndirilən iş adamının məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən iş adamının məhkəməsi başlayıb
# 12 yanvar 2018 11:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında M. Verdiyevin vəkili Fariz Namazlı çıxış edib.

F. Namazlı işin yenidən ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib.

İclasda iştirak edən zərərçəkmiş şəxslər də işin ibtidai istintaqa qaytarılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin baxış iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğuldur. Məlumata görə, o, 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib. 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR