İbrahim Şehiç: “Azərbaycanda da Prosineçkiyə böyük hörmət var”

İbrahim Şehiç: “Azərbaycanda da Prosineçkiyə böyük hörmət var”
# 19 yanvar 2018 12:39 (UTC +04:00)

“Biz “Atletiko”nun Çempionlar Liqasındakı planlarını pozduq. Ümid edirəm ki, “Jelezniçar”ın gəncləri də İspaniya klubunun U-19 komandasına eyni taleyi yaşadar”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Bosniya və Herseqovina millisinə dəvət edilən qolkiper yerli mətbuata müsahibə verib. O, əvvəlcə sabiq klubu “Jelezniçar”ın U-19 komandasının Gənclər Liqasında “Atletiko” ilə qarşıdakı oyunlarına proqnoz verib.

Şehiç futbolçularla görüşərək, onlara məsləhətlər verdiyini vurğulayıb: “Jelezniçar”ın gəncləri ilə görüşümdə bildirdim ki, mən də bu komandanın yetirməsiyəm. Ancaq indi “Stemford Bric”də “Çelsi”yə qarşı Çempionlar Liqası matçında oynayıram. Bildirdim ki, özləri üçün bir hədəf müəyyənləşdirsinlər, sona qədər mübarizə aparsınlar. Təbii ki, asan yola girməyiblər, çox maneə ilə üzləşəcəklər. Ancaq səmimi inam varsa, arzularına çatacaqlar. “Atletiko”nun gənclərinin “Qarabağ”la oyununa baxmışam. İspanların keyfiyyətli oyunçuları var. Amma “Jelezniçar” bu rəqiblə görüşlərdə uğurlu nəticə əldə edə bilər”.

30 yaşlı qapıçı Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki barədə də fikir bildirib. O, xorvatiyalı mütəxəssisi Azərbaycan yığmasındakı fəaliyyətindən tanıyır: “Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. Həm özü, həm də məşqçi korpusu peşəkarlardan qurulub. Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər. Azərbaycan mətbuatı çox yaxşıdı. Mənim barəmdə müsbət fikirdədilər”.

Şehiç sonda “Qarabağ”da qalmaq istədiyini də sözlərinə əlavə edib: “Qarabağ”da hər şey ürəyimcədi. Bu klub mənə gözəl şeylər qazandırdı. Onlara hər zaman minnətdar olacam. “Qarabağ”da qalmaq istəyirəm, çıxışımdan da razıdılar. Klub rəhbərliyinin hansı qərarı verəcəyini birlikdə görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR