Masallı Sənaye Məhəlləsinə 33 layihə təklifi təqdim olunub

Masallı Sənaye Məhəlləsinə 33 layihə təklifi təqdim olunub
# 13 fevral 2018 15:48 (UTC +04:00)

Masallı Sənaye Məhəlləsinin inzibati binasında Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə sahibkarların məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə iş adamları ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə çıxış edən nazir müavini Niyazi Səfərov sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətindən danışıb. Vurğulanıb ki, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla davam etdirilir.

N.Səfərov regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Masallı Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini qeyd edib.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7 500 kvadratmetrə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 mln. manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq, Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır.

Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR