Ekskavator, kran, qreyder və buldozerlərə dövlət texniki baxışının keçirilməsi qaydası müəyyənləşib

Ekskavator, kran, qreyder və buldozerlərə dövlət texniki baxışının keçirilməsi qaydası müəyyənləşib
# 13 mart 2018 13:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi “Texnoloji nəqliyyat vasitələrinə, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”ı təsdiqləyib.

APA-nın məlumatına görə, martın 10-dan qüvvəyə minmiş bu Təlimat Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində texnoloji nəqliyyat vasitələrinə, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin siyahısı ilə müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsi və dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə texniki baxış talonunun verilməsi, uçotunun aparılması, dövlət texniki baxışın nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılması məsələlərini nizamlayır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin siyahısına bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik), bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik), bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli), traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran), ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran), yolsüpürən texnoloji nəqliyyat vasitəsi, dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri, yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri), asfaltqaşıyan maşınlar, çalaqazan texnoloji nəqliyyat vasitələri, boruəyən maşın, yol freyzeri, asfaltdöşəyən nəqliyyat vasitəsi, təkərli kompressorlar, borudüzən nəqliyyat vasitəsi, qreyderlər, skreperlər, təkərli mexanizmlər, təkərli qaynaq aqreqatları, təkərli generatorlar, qat təmizləyən traktorlar, ekskavatorlar, buldozerlər, elektromühərriklə işləyən nəqliyyat vasitələri və qoşqulu və yarımqoşqulu mexanizmlər, tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran) daxildir. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri istismara buraxılmır. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:

- nəqliyyat vasitələrinin texniki vəziyyətinin və təhlükəsiz istismarının qüvvədə olan norma və standartların tələblərinə müvafiq olmasına nəzarət edilməsi;

- nəqliyyat vasitələrinin mənsubiyyətinin və digər qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi;

- nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısının alınması;

- dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsi barədə sənədlərin olmasına nəzarətin təmin olunması.

Dövlət Agentliyi hər il yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə müəyyən etdiyi yerdə nəqliyyat vasitələrinin ildə bir dəfə dövlət texniki baxışından keçirilməsini təşkil edir. Nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində və bu müddətin qurtardığı il də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar. Dövlət texniki baxışının keçirilməsi üçün dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir. Nəqliyyat vasitələrinin dövlət texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə Dövlət Agentliyinin müfəttişləri tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının və müayinənin keçiriləcəyi yer Dövlət Agentliyi tərəfindən müəyyən edilir. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs) onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda qeyd edilən növbəti texniki baxışa təqdim edilmə vaxtından gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludurlar. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən Dövlət Agentliyinə aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

- nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

- nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

- dövlət rüsumunun ödənilməsi barədə sənəd;

- nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair icbari sığorta şəhadətnaməsi.

Bu sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır. Bundan sonra nəqliyyat vasitəsi nasazlıqların olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə Dövlət Agentliyinin müfəttişin iştirakı ilə müayinədən keçirilir və 3 nüsxədən ibarət “Nəqliyyat vasitəsinin texniki vəziyyətinin müayinə Aktı” tərtib olunur. Aktın bir nüsxəsi nəqliyyat vasitəsini müayinəyə təqdim edən şəxsə, digər nüsxəsi müayinədə iştirak edən müfəttişə verilir, üçüncü nüsxə isə müayinə yerində saxlanılır. “Yol hərəkəti haqqında” qanunla müəyyən olunmuş nasazlıqlardan biri olan nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qadağan edilir.

Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, zavod və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitəsi müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Müəyyən edilmiş faktla bağlı toplanmış ilkin materiallar baxılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilir. Konservasiyaya (saxlanmaya) qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə Dövlət Agentliyi tərəfindən texniki baxış talonu verilir. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə verilən texniki baxış talonunun forması 100x150 mm ölçüdə olmaqla tək illər üçün açıq mavi və cüt illər üçün isə açıq qırmızı fonda olur, üz tərəfində ortada ardıcıl olaraq ellips işarəsi daxilində Azərbaycanın beynəlxalq yol hərəkətində fərqlənmə nişanı—“AZ” və texniki baxış keçirilən “il”, sol və sağ tərəflərdə texniki baxış keçirilən aylar ardıcıllıqla yerləşdirilir. Həmçinin, texniki baxış talonunun üz tərəfində Fövqəladə Hallar Nazirliyinin ixtisar edilmiş adı, Dövlət Agentliyinin isə tam adı yazılır.

Dövlət Agentliyi dövlət texniki baxışın nəticələri üzrə illik hesabat hazırlayaraq növbəti ilin yanvar ayının 15-dən gec olmayaraq Fövqəladə Hallar Nazirliyinə təqdim edir. Texniki baxışın yekun hesabatı respublika üzrə ümumiləşdirildikdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən 1 ay müddətində Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR