Sahil Qasımov: “Avropa Azərbaycanlıları Konqresi güclü beynəlxalq təşkilata çevrilir”

Sahil Qasımov: “Avropa Azərbaycanlıları Konqresi güclü beynəlxalq təşkilata çevrilir”
# 14 mart 2018 11:26 (UTC +04:00)

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun APA-ya müsahibəsi.

- Avropa Azərbaycanlıları Konqresinin (AAK) bu yaxınlarda növbədənkənar qurultayı keçirildi. Qurultay AAK-ın növbəti fəaliyyət dövründə nələrə səbəb olacaq?

- Fevralın 27-də Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin VI növbədənkənar qurultayında konqresin bir il ərzində gördüyü hesabat dinlənildi. 2018-2021-ci illər üçün fəaliyyət proqramı və “Yol xəritəsi” qəbul edildi. Qurultay bir çox islahatlarla yadda qaldı. AAK İcraiyyə Komitəsi ləğv edilərək, İdarə Heyəti yaradıldı, AAK Mərkəzi Şurası yenidən bərpa olundu. Bundan başqa Avropanın mühüm bölgələrində regional mərkəzlərin yaradılması barədə qərar qəbul edildi. Benilüks (Niderland, Belçika, Lüksemburq) Azərbaycanlıları Konqresi formasında Skandinaviya, Baltikyanı ölkələr, Şərqi Avropa və digər coğrafiyalara uyğun mərkəzlər yaradılacaq. Qurultayda digər mühüm sənədlər də qəbul edildi. Əminəm ki, AAK yeni seçilmiş heyətlə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan həqiqətlərinin Avropada və dünyada tanıdılmasında, Dağlıq Qarabağ münaqişəsinin siyasi müstəvidə həll olunmasında mühüm rol oynaya biləcək.

- Avropada Azərbaycan diasporunda birliyin olmamasından, qitədə Azərbaycan missiyasının yetərincə yerinə yetirilməməsindən şikayət edilib. Xüsusilə Azərbaycana düşmən olan ölkənin lobbisinə qarşı mübarizənin zəif olmasından narahatlıq ifadə olunurdu. AAK-ın son bir il ərzində fəallaşması fonunda bununla bağlı planlarınız nədir?

- AAK-da sağlam rəqabətə davamlı təşkilatlar birləşərək diasporumuzun üzərinə düşən missiyanı peşəkarlıqla yerinə yetirirlər. Bu gün Avropa Azərbaycanlıları Konqresi mütəşəkkil şəkildə bir mərkəzdən idarə olunan yüzlərlə Azərbaycan təşkilatlarının birləşdiyi bir qurumdur. Ara-sıra təşkilatlar arasında kiçik incikliklər olsa da, bu şəxsi xarakterli deyil, sadəcə iş prosesində yaranmış bəzi məsələlərə müxtəlif prizmadan yanaşmanın təzahürüdür. Bu kimi kiçik məsələlər AAK-ın monolitliyini poza bilməz və birliyimizə xələl gətirməz. AAK Azərbaycan prezidentinin verdiyi tövsiyələrə uyğun olaraq artıq təşkilatlanmadan lobbiçiliyə doğru irəliləməyə, müdafiədən hücuma keçməyə start götürüb. Məsələn keçən ilin noyabr ayında AAK-ın ev sahibliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirdiyimiz separatizmə qarşı beynəlxalq Brüssel konfransı buna misallardan biridir. AAK Lüksemburq-Azərbaycan parlamentlərarası işçi qrupunun Lüksemburq parlamentində təşkil etdiyi görüş də lobbiçilik uğrunda nəticə verəcək addımlardan biridir. 2018-ci ilin fevral ayında Helsinkidə Fİnlandiya parlamentində və ölkənin Xarici İşlər Nazirliyində keçirilən siyasi görüşlər də bu istiqamətdə nəticə verəcək addımlardandır. Bu işlər Avropanın digər ölkələri və siyasi dairələri ilə davam etdiriləcək.

- Avropanın yerli siyasi və ictimai birliklərlə əməkdaşlığınız hansı səviyyədədir? Ümumiyyətlə son zamanlar Azərbaycana qarşı bəzi dairələrin müxtəlif kampaniyaları bəzi Avropa parlamentariləri, media nümayəndələri arasında aparılır. Bu sektora nüfuz etmək, ümumiyyətlə Azərbaycan həqiqətləri naminə bu qurumların nümayəndələri ilə yaxından təmas qurmaq üçün hansısa planlanınız varmı?

- AAK Avropanın siyasi elitası ilə yaxından təmas formasında fəaliyyət göstərir. Konqresin keçən ilin yanvarında Lüksemburq Deputatlar Palatasında, ötən ilin sentyabrında Ukrayna Ali Radasında, ötən ilin noyabrında Brüsseldə Avropa Parlamentində, bu il Finlandiya parlamentində və Xarici İşlər Nazirliyində, o cümlədən digər dairələrdə keçirdiyi görüşlərdə bu təmaslar daha da yaxınlaşır. Lüksemburq Deputatlar Palatasında Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Elmira Axundova və digər sədri Mars Du Bartalomeo arasında təşkil olunan görüş iki ölkə arasında son 25 ildə keçirilmiş ilk görüş idi. Ötən ilin oktyabrında Lüksemburqun tanınmış siyasətçilərindən Jak Henckesin (Jacque Henckes) başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər etdi. Bu görüşlərdə Azərbaycana qarşı aparılan kampaniyaların mahiyyəti açıqlandı, bunun arxasında hansı qüvvələrin durduğu avropalı siyasətçilərin diqqətinə çatdırıldı. AAK bundan sonra da Azərbaycana qarşı aparılan çirkin kampaniyaların qarşı olacaq, Avropa ölkələrindəki bütün siyasi dairələrlə dialoq halında fəaliyyət göstərəcək. Artıq bir neçə Avropa ölkəsində keçiriləcək siyasi tədbirlərin yeri və vaxtı müəyyənləşdirilib. Növbəti aylarda azərbaycanlılara qarşı soyqırımının 100 illiyinə həsr olunan müxtəlif tədbirlər həyata keçiriləcək. Niderland, Almaniya, Polşa, Türkiyə, Danimarka və digər ölkələrdə geniş tədbirlər planlaşdırılır. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olması münasibəti ilə ölkə prezidentinin sərəncamına əsasən AAK Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə iş planı hazırlayıb. Bu əlamətdar tarix Avropanın müxtəlif ölkələrində geniş miqyasda qeyd ediləcək, təbliğ olunacaq.

- Avropada azərbaycanlı iş adamlarının AAK ətrafında birləşməsi, ümumiyyətlə iqtisadi amillərlə bağlı nələr nəzərdə tutursunuz?

- AAK ətrafında sadəcə iş adamları deyil, həmçinin Avropada və Azərbaycanda olan tanınmış siyasətçilər, elm xadimləri, mədəniyyət adamları, tanınmış idmançılar və gənclər birləşib. Göründüyü kimi AAK güclü bir beynəlxalq təşkilata çevrilir. Konqresimiz əlindəki bütün resurslardan istifadə edərək 2018-2021-ci illərdə nəzərdə tutulmuş Fəaliyyət Proqramındakı bütün layihələri uğurla həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR