Yüksək Texnologiyalar Parkının məhsulları “Azexport”la ixrac olunacaq

Yüksək Texnologiyalar Parkının məhsulları “Azexport”la ixrac olunacaq
# 16 aprel 2018 09:22 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) “Azexport”la əməkdaşlığın yeni mərhələsinə start verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “AP-Economics”ə verilən xəbərə görə, YTP-nin istehsal etdiyi sürtgü və motor yağlarına mövcud tələbi nəzərə alaraq, məhsulların “Azexport” portalında yerləşdirilməsi ilə bağlı müzakirə aparılıb.

“Azexport” portalının rəhbəri Zaur Qardaşovun, YTP-nın direktoru Vüqar Babayevlə apardığı danışıqlar zamanı, həmçinin Millers Oils və TSZ markası altında istehsal edilən yağların “Azexport”da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.

Qeyd edək ki, YTP-nın məhsullarının keyfiyyəti yerində təşkil olunmuş laboratoriyada nəzarətdən keçirilir ki, bu da xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır. Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə, dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilərlər. Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətliqabiliyyətli olduğundan bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.

Z. Qardaşov bildirib ki, “Azexport” portalının araşdırmalarına görə, sürtgü və motor yağları üçün yaxın illərdə xarici bazarlarda marketinq strategiyası düzgün qurulacağı təqdirdə Azərbaycan illik 500 mln. ABŞ dolları həcmində müxtəlif növ motor və sürtgü yağları ixrac edə bilər. AMEA YTP-nın digər yerli və beynəlxalq bazarlarda maraqlı olacaq məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20% artır. Bu məhsulun da portalda yerləşdirilməsi və eyni zamanda beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib. Digər əldə olunmuş razılığa əsasən, dronların “Azexport”un Azərbaycan daxili az həcmli çatdırılmalarında test sınaqları keçiriləcəkdir.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC, "Elm və Texnologiya Parkı" MMC, "AGRO Bio Eco Tech" MMC, "EPC Group" MMC, "DN TECHNOLOGIES" MMC və "Alqoritmika" MMC. Bu rezidenlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR