ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb

ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb
# 16 aprel 2018 12:26 (UTC +04:00)

“Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. “Bu missiyada iştirak etmiş heç bir raket Suriya HHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur”, - deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən – “Monterey” (ABŞ) kreyserindən 30 “Tomahawk” raketi, “Laboon” (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən – “Higgins” (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən – “John Warner” (ABŞ) sualtı qayığından 6 raket, “Languedoc” Fransa freqatından 3 raket buraxılıb. Havadan 2 ədəd “B-1B Lancer” ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın “Tornado” və “Typhoon” hücum təyyarələrindən 8 raket, Fransanın “Rafales” və “Mirages” hücum təyyarələrindən 9 raket buraxılıb.

ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib.

Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR