“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib

“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib
# 18 may 2020 20:39 (UTC +04:00)

Mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, konfrans Mədəniyyət Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbir İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderatorluğu ilə keçirilib. İki hissədən ibarət konfransın birinci hissəsində Şirin Məlikova tədbir iştirakçılarını salamlayaraq sözü Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya verib.

Sevda Məmmədəliyeva 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Dünya üçün çətin bir dönəmdə konfransa qatılan bütün iştirakçılara, alim və mütəxəssislərə təşəkkürünü bildirib. Qeyd edilib ki, 18 may dünyada muzey işçiləri üçün çox əlamətdar bir tarixdir. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olun Muzeylər günü bu il "Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik" devizi altında keçirilir. İncəsənətin bərabərliyi bu gün bir-birindən ayrı və sosial izolyasiya şərtlərində olan minlərlə insanı birləşdirən bir şüar kimi səslənir və sənətin cəmiyyətin həyatındakı bənzərsiz, humanist rolunu bir daha vurğulayır. Vurğulandı ki, bu gün muzey işi mədəniyyət sahəsinin ən önəmli sahələrindən biridir. Muzey təkcə ziyarət edilərək ilham alınacaq bir məkan anlamından çıxaraq böyük sosial məna daşımağa başlayıb. Azərbaycanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının təmin edilməsi üçün dövlət səviyyəsində layihələr həyata keçirilir. Bu gün muzey işində də sağlamlığı məhdud insanlar üçün inklüziv layihə və proqramları uğurla həyata keçirilir: “Deməli, muzeylər işçi qüvvələrində, sərgilərdə, tədris proqramlarında və ziyarətçilər arasında inklüzivlik təmin edilməlidir. Bu sahədə xidmət göstərilən icmaların bütün üzvləri üçün təhlükəsiz, hərtərəfli şərait yaradılmalıdır”.

Sevda Məmmədəliyeva çıxışında bu gün Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın erməni işğalı altında olan bölgələrində tariximiz-mədəni mirasımız böyük dağıntı və mənimsəməyə məruz qalıb. Nazir müavini sonda beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə məsləhətçi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin (Hindistan) professoru, İCOM-un keçmiş vitse-prezidenti Amareswar Gallanın çıxışları dinlənildi. Beynəlxalq ekspertlər məruzələrində mövzu ilə bağlı təcrübələrini bölüşdülər. Bu sahədə qarşıya çıxan suallar, yeniliklər haqqında məlumat veriblər.

Konfransın ikinci hissəsində ölkəmizdən muzey mütəxəssislərinin məruzələri dinlənilib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi qurumun bu sahədə təcrübəsi, həyata keçirdiyi layihələrlə bağlı məlumat verib.

YARAT Müasir İncəsənət Məkanının direktoru Suad Qarayeva-Maleki müxtəlif kateqoriyalı ziyarətçilər üçün reallaşdırılan layihələrdən söz açıb, bu istiqamətdə fəaliyyətin davamlı olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, hazırlanan yeni layihələr karantin rejimindən sonra da tətbiq ediləcək. Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Muzey Mərkəzi, “İçərişəhər” Muzey Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, habelə paytaxtımızda fəaliyyət göstərən ev, xatirə və mənzil muzeylərinin direktorları mövzu ilə bağlı müzakirələrə qoşularaq fikrilərini bölüşüblər.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova və digərləri çıxışları zamanı fiziki məhdudiyyətli ziyarətçilər üçün muzeylərdə reallaşan layihələr haqqında məlumat veriblər.

Sonda İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova konfrans iştirakçılarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR