Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə ermənicə müraciət edib - VİDEO

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə ermənicə müraciət edib - VİDEO
# 14 iyun 2020 13:48 (UTC +04:00)

Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin sədri Tural Gəncəliyev Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə ermənicə müraciət edib.

APA-nın məlumatına görə, T. Gəncəliyev bildirib ki, Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin seçilmiş nümayəndəsi olaraq bu ismarıcı sülh mesajıdır.

Müraciətdə qeyd edilib ki, artıq ədalətli və davamlı yekun sülhə nail olmağın vaxtı çatıb və hətta keçib: “Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ vilayəti ölkəmizin uzun illər ən inkişaf etmiş bölgələrindən biri idi. Biz – Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri uzun illər sülh şəraitində orada birgə yaşamışıq və yenidən yaşayacağıq. Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim. Mən, Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən, bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu. Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm”.

İcma rəhbəri qeyd edib ki, təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür: “Yaxın keçmişdə mövcud olmuş erməni və azərbaycanlıların birgə yaşayışından bəzən hətta bixəbərdirlər. Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər. Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə, bölgənin azərbaycanlı sakinləri adından bu mesajı çatdırıram ki, sülh şəraitində birgə yaşayışa hazır olmaq lazımdır. Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var. Biz birgə sülh şəraitində yaşayış barəsində düşünməli və buna nail olmalıyıq. Öz evlərindən didərgin salınmış azərbaycanlılar işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Bizlər uzun illərdir ki, öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik və bu hal aradan qaldırılmalıdır. Təəssüf ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində Azərbaycana qarşı “düşmən” obrazı yaradılıb, mənfi stereotiplər formalaşdırılıb. Bunların heç birinin əsası yoxdur. Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər!

Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri hazırda adı müharibə və məcburi köçkünlərlə birgə hallanan Dağlıq Qarabağ bölgəmizi Azərbaycanın və hətta dünyanın ən önəmli turizm bölgələrindən birinə çevirə bilər və çevirəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi mədəniyyətin, iqtisadiyyatın və insan kapitalının yüksək inkişafı ilə seçilə bilər və seçiləcək. Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşayıb, öz müqəddəratımızı Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təyin edəcəyik! Buna alternativ yoxdur! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR