AMB və AYİB 200 mln. dollarlıq svop müqaviləsi imzalayıb

AMB və AYİB 200 mln. dollarlıq svop müqaviləsi imzalayıb
# 19 may 2020 15:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərər çəkmiş biznes subyektlərinə birgə maliyyə dəstəyi göstərirlər.

APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyirlir ki, Mərkəzi Bank pandemiya şəraitində biznes və əhaliyə dəstəyin göstərilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu istiqamətdə mühüm yeniliklərdən biri də AMB-nin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir. Bu məqsədlə Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və AYİB arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcək. Bu məbləğin 50 mln. dollar, yəni 85 mln. manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.

"Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcək. Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir", - deyə məlumatda qeyd olunub.

Məlumatda deyilri ki, eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində AMB ilə AYİB arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir.

Qeyd etmək lazımdır ki, AYİB Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bugünədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya edib. AYİB, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1 000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR