Xam neftin qiymətlərinin aşağı olmasından asılı olmayaraq dövlət büdcəsinə transfert ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) öhdəliyidir və bu öhdəlik yerinə yetirilməlidir.
"APA-Economics"ə ARDNF-dan verilən məlumata görə, Fond 2020-ci il büdcəsində 11,56 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 mlrd. ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur.
Məlumata əsasən, cari ilin əvvəlindən bu günə qədər satışa ümumilikdə 1,8 mlrd. ABŞ dolları və yaxud 3,08 mlrd. manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün Fond tərəfindən 5 mlrd. ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.
"ARDNF-in vəsaitlərinin xüsusi çəkisində hər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur. Hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-in büdcə öhdəliklərinin tam, dəqiq yerinə yetirilməsinin ən böyük təminatıdır", - məlumatda qeyd edilir.