Görkəmli teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun anım günüdür

Görkəmli teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun anım günüdür
# 18 sentyabr 2015 09:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün görkəmli teatr-kino rejissoru, aktyor Adil İsgəndərovun anım günüdür. APA-nın məlumatına görə, Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub.

Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. 1936-cı ildə Akademik Dövlət Teatrında fəaliyyətə başlayan A. İsgəndərov sonralar teatrın baş rejissoru və direktoru seçilib.

Bir-birinin ardınca A. İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verib. "Vaqif" milli teatr tarixinin ən uğurlu tamaşalardan biri kimi tarixə düşüb.

A.İsgəndərov bir müddət C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru olub (1966-1974).

İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verib. "Axırıncı aşırım" filmində yaratdığı Kərbəlayı İsmayıl roluna görə A. İsgəndərov Ümumittifaq festivalının "Kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olub.

"Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu onun kinoda son aktyor işi idi. "Əhməd haradadır?" A. İsgəndərovun quruluş verdiyi yeganə filmdir.

A.İsgəndərov 1978-ci il, sentyabrın 18-də dünyasını dəyişib. Məzarı II Fəxri xiyabandadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR