Azərbaycan təsdiq etdi ki, AÇ-2020-nin oyunlarını da yüksək səviyyədə təşkil etmək bacarığına malikdir - MÖVQE

Azərbaycan təsdiq etdi ki, AÇ-2020-nin oyunlarını da yüksək səviyyədə təşkil etmək bacarığına malikdir  - MÖVQE
# 30 may 2019 13:23 (UTC +04:00)

“UEFA Avropa Liqasının final oyununa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin Avropada və dünyada qazandığı nüfuzunun növbəti ifadəsidir”.

Bunu ONA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə keçirərək dünyaya idman bayramı kimi təqdim edib: “İdman şərhçimizin Bakıda keçirilən final oyununun dünyanın 200-dən çox ölkəsində yayımlandığını söyləyəndə bir vətəndaş olaraq ölkəmlə bir daha qürur duydum. Final oyunu ilə bağlı ölkəmizə gələn idmançılar, turistlər, qonaqlar Bakını gəzən zaman Azərbaycandakı inkişafın, gözəlliyin şahidi oldular. Hesab edirəm ki, bu da bizim dünyada ən yüksək səviyyədə təqdimatımızdır”.

Deputat qeyd edib ki, digər beynəlxalq, nüfuzlu tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın imicinə qara yaxmaq istəyən qüvvələr meydana çıxıb: “Bu, artıq bizim üçün təzə şey deyil. Bəlkə də belə qüvvələr olmasa təəccüblənərdik. Çünki nə qədər erməni lobbisi, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllini, ölkəmizin inkişafını istəməyən qara qüvvələr var, belə problemlər olacaq, biz onlara qarşı mübarizə aparmalıyıq. Bu oyunlar zamanı aparılan əks-təbliğat kampaniyasının, o cümlədən “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinin arxasında da siyasi erməni hiyləgərliyi, xainliyi dayanırdı. Halbuki bu oyundan əvvəl Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında erməni əsilli idmançılar da iştirak edirdilər və onlar ölkəmiz haqqında xoş sözlər söylədilər. Bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı aparılan çirkin kampaniyalar məhvə məhkumdur. Çünki haqq, ədalət bizim tərəfimizdədir.

M. Quliyev qeyd edib ki, dünənki final oyununda “Çelsi”nin böyük hesabla “Arsenal”a qalib gəlməsi ilə yanaşı, Azərbaycan diplomatiyası, dövləti və Prezidentinin siyasi iradəsi də qalib oldu: “Biz bir daha dünyaya bəyan etdik ki, Azərbaycanı fitnə-fəsadlarla məğlub etmək, öz yolundan döndərmək olmaz. Hesab edirəm ki, dünənki final oyunun yüksək səviyyədə təşkil olunması Azərbaycan dövlətinin və Prezidentinin uzun illər apardığı məqsədyönlü uğurlu siyasətin nəticəsidir. Bu oyunun yüksək səviyyədə keçirilməsində əməyi olan bütün dövlət qurumlarına, vətəndaşlarımıza, hər bir kəsə təşəkkürümü bildirirəm”.

Deputat qeyd edib ki, dünənki final oyununun yüksək səviyyədə keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir: “Bütün dünya dünənki final oyununun keçirilməsi ilə bir daha əmin oldu ki, Azərbaycan ev sahibliyi etdiyi bütün tədbirləri ən yüksək səviyyədə təşkil edir”.

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, Bakıda Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyini uğurla yekunlaşdırıb: “UEFA Avropa Liqasında 2018/19 mövsümünə Bakıda yekun vurdu. Çox şükür, sakit, insidentsiz, təhlükəsiz şəraitdə, gözəl açılış mərasimi ilə yadda qalan bir oyun keçirildi. “Zadəganlar”ın qələbə qazanması ayrıca gözəl oldu.

Amma əsl oyun xeyli əvvəl başlamışdı, bu tədbirdən əvvəl də ölkə əleyhinə beynəlxalq mediada qara piar aparmaq cəhdləri oldu. Azərbaycana qarşı xeyli Mxitaryan var idi, bir Mxitaryanın üzərindən kampaniya qurmağa çalışdılar, danışdılar. Halbuki I Avropa Oyunlarında, başqa beynəlxalq yarışlarda onlarla mxitaryanlar iştirak ediblər, hətta burda medal alıblar, şəhəri gəziblər, heç kim də onlara heç nə deməyib. Aydın idi ki, bu, bütün mədəni və humanitar tədbirlərin belə siyasi piara vasitə olduğu müasir dünyada Azərbaycana qarşı istifadə eləmək üçün bir vasitə idi.

Heç şübhəsiz ki, Azərbaycan hakimiyyəti də, cəmiyyəti də gələcəkdə keçirilən bütün böyük tədbirlərlə bağlı qərar qəbul edərkən, təşkilatçılıq məsələləri qədər mümkün qara piarın qarşısının alınması, doğru və daha operativ məlumatlandırma sisteminin yaradılmasını təmin eləməyi də nəzərə almalıdır”.

V. Mahirqızı tədbirin təşkili ilə bağlı görülən işləri yüksək qiymətləndirib: “Sonuncu tədbirdə Bakı sadəcə işini gördü. Gözəl təşkilatçılıq, təhlükəsiz şəhər, maraqlı keçirilən futbol bayramı... Vəssalam! Prezident İlham Əliyevin Birinci Xanımla birlikdə Milli Park gəzintisi, futbol bayramında iştirakı da əla idi. Həmişəki kimi tədbir bitdi, danışanlar susdu. Bir daha o məşhur ifadə təsdiqini tapdı, məncə. Əməldən gözəl cavab yoxdu...”

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Cavid Osmanov da ONA-ya deyib ki, Azərbaycan dünənki idman yarışını yüksək səviyyədə təşkil edib: “Mən final oyununu Bakı Olimpiya Stadionundan izlədim. İnsanların futbola olan marağı, Azərbaycan xalqının qonaqpərvərliyi çox yüksək səviyyədə idi. Təşkilati baxımdan da çox gözəl işlər görülmüşdü. Ölkəmizə gələn qonaqların qarşılanması, yerləşdirilməsi bir daha göstərdi ki, Azərbaycanımızda əmin-amanlıq, sabitlik, dostluq, qardaşlıq mühiti hökm sürür. Oyundan öncə isə Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı qarayaxma, şər, böhtan kampaniyası aparmağa başlamışdılar. Biz bunun haradan qaynaqlandığını bildirik. Bütün bunların başında erməni lobbisi və Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dayanır. Sapı özümüzdən olan baltalar da erməni lobbisinə qoşulmuşdu. Bu turnirin yüksək səviyyədə keçirilməsi isə onlara yaxşı cavab oldu. Həm nəticə, həm də təşkilatçılıq baxımından...”

Deputat bildirib ki, “Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan ətrafında yaradılan şouya “Çelsi” vurğu 4 qolla yaxşı cavab verib: “UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi tarixi hadisə idi. Hesab edirəm ki, Azərbaycan 2020-ci ildə də Avropa çempionatının 4 vacib oyununu yüksək səviyyədə təşkil edəcək. Dünənki finalın təşkilatçılığı belə deməyə əsas verir. Qazandığımız uğurlara görə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən final oyununda “Çelsi” “Arsenal” a 4:1 hesabı ilə qalib gələrək tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR