Aprelin 17-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Qazaxlar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan APA-ya verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd Almaniya istehsalı olan əl qumbarası (DM41) aşkar olunub. Əl qumbarasının partladıcısı korroziyaya uğradığına görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.