"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib
# 10 iyul 2019 13:39 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda DQİDK rəhbərliyi, millət vəkilləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Komitə sədri Mübariz Qurbanlı İslam dininin və mənəvi dəyərlərin çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının mədəniyyətinə, mənəviyyatına, həyat tərzinə göstərdiyi təsirlərdən, azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dininin mühüm rol oynamasından danışıb: "Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir. Azərbaycançılıq ideyası prioritetdir. İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün İslami dəyərləri özündə ehtiva edir. Azərbaycançılıq bizim ideologiyamızdır və bu ideologiyanın geniş şəkildə təbliğ edilməsinə ehtiyac var". M.Qurbanlı konfransda eyni zamanda bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyətə başlamasından 50 il ötür. Ulu öndər 14 iyul 1969-cu ildə siyasi fəaliyyətinə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından bəhs edən "Heydər Əliyev və Azərbaycançılıq" filmi nümayiş olunub.

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, azərbaycançılıq ideyası 1993-cü ildən ümumi məfkurəyə çevrilib və o dövrdə Azərbaycan cəmiyyətinin yeni siyasi sistemində bu ideologiyanın yer tapması aktual məsələ idi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə isə qeyd edib ki, Azərbaycan İslami prinsiplərdən istifadə etməklə gözəl dialoqlar aparır. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda çox gözəl tolerant mühit var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi. Ancaq Ulu öndərin təqdim etdiyi azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə ehtiva edir. O, eyni zamanda qeyd edib ki, bu ideya gələcək nəsillərə də ötürülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR