“Neftçi” ilə oyunu yaxşı səviyyədə keçirdik”.
APA-nın məlumatına görə, bunu Ukraynanın “Vorskla” klubunun futbolçusu Dmitri Kravçenko deyib.
24 yaşlı ukraynalı yarımmüdafiəçi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycanın ən titullu klubu “Neftçi”yə qarşı keçirilən yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O bildirib ki, toplanışa yeni başlayan komandası təmsilçimizlə görüşdə yaxşı təsir bağışlayıb: “Topla rəftarda “Neftçi”dən geri qalmırdıq. Bəlkə də kənardan fiziki cəhətdən bir az çətinlik çəkdiyimiz görünürdü. Bu da başadüşüləndir. Çünki toplanışa yeni başlamışıq. Hazırlığın bu mərhələsi üçün fiziki baxımdan da hər şey qaydasındadır. İlk oyunlar həmişə çətin olur”.
2018-ci ilin payızında zədələndiyi üçün təxminən 9 ay yaşıl meydanlardan kənarda qalan futbolçu qol vurmasına görə komanda yoldaşlarına təşəkkür edib: “Uzun müddətdir futbol oynamırdım. Geri dönmək çətin idi. Xüsusilə də fiziki baxımdan çətinlik çəkdim. Komanda yoldaşlarıma təşəkkür edirəm. Mənə dəstək oldular. Kapitan sarğısını, penalti vurmaq hüququnu mənə verdilər. Karyeramda ilk dəfə penalti vurdum və bu zərbə dəqiq oldu”.
Qeyd edək ki, 3:2 hesabı ilə qalib gələn “Vorskla”nın qələbə qolunu 90+2-ci dəqiqədə D.Kravçenko vurub.