"İran tərəfindən Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır".
APA-nın məlumatına görə, bunu bu gün mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Ə. Qarayev deyib ki, Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər: "Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər. Eyni zamanda Azərbaycan da ərazisindəki Hirkan meşəsi ilə bağlı belə təklif irəli sürə bilər ".
UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler deyib ki, Azərbaycanın Hirkan meşəsi ilə bağlı belə təklifi olub: "Sonra İran bunu görüb, belə təkliflə çıxış etdi".